Güləşçimiz dünya çempionatının “bürünc” mükafatçısı oldu
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmə güləşçilərin dünya çempionatı davam edir.
Oxu.Az xəbər verir ki, çempionatda Azərbaycanın idman şərəfini Fail İsgəndərov (42 kq), Zaur Nuriyev (46 kq), Xancavad Məcidzadə (50 kq), Elvin Mustafayev (54 kq), Məhəmmədəli Həsənov (58 kq), Ramin Cəfərov (63 kq), Ülvi Qənizadə (69 kq), Nəzərşah Fətullayev (76 kq), Uğur Hacılı (85 kq) və Camal Feyziyev (100 kq) təmsil edirlər.
Turnirin ilk iki günündə yunan-Roma güləşçiləri mübarizə aparırlar. Yarışın birinci günündə 50, 54, 58, 63 və 100 kq çəki dərəcələrində qaliblər müəyyənləşib. Güləşçilərimiz günü bir bürünc medalla başa vurub.
Xancavad Məcidzadə Hindistan və Ukraynadan olan rəqiblərini üstələsə də, dörddəbir finalda Rusiya təmsilçisinə uduzub. Rəqibin finala çıxması ilə güləşçimiz bürünc medal şansı əldə edib. Əvvəlcə Serbiya güləşçisini təsəlliverici görüşdə mübarizədən kənarlaşdıran X.Məcidzadə həlledici görüşdə İran idmançısı ilə qarşılaşıb. Gərgin keçən görüşdə hesab bərabər olsa da, xalların keyfiyyətinə görə güləşçimiz rəqibdən üstün olub və dünya çempionatının bürünc medalına sahib olub.
Mənbə:> Oxu.Az