Boksçumuz Avropa çempionatının “bürünc” mükafatçısı oldu
Bolqarıstanın Samokov şəhərində boks üzrə Avropa çempionatı keçirilib.
Oxu.Az xəbər verir ki, yarışda 41 ölkədən 241 boksçu mübarizə aparıb. Çempionatda hər çəkidə ilk altı yeri tutan dəri əlcək ustaları oktyabrda Qətərdə keçiriləcək dünya birinciliyinə vəsiqə qazanmaq imkanı əldə ediblər.
Azərbaycanın səkkiz boksçusu birinci Avropa Oyunlarında dünya çempionatına lisenziya əldə etdiklərindən Bolqarıstanda yalnız bir idmançımız rinqə çıxıb. Məşqçilər korpusu 49 kiloqram çəki dərəcəsində yeniyetmələrin Olimpiya Oyunlarının qalibi Rüfət Hüseynovu sınamağı qərara alıb.
Avropa çempionatında 49 kiloqram çəki dərəcəsində 14 boksçu gücünü sınayıb. Həmyerlimiz ilk görüşünü Gürcüstan idmançısı Mixail Kazanjianiyə qarşı keçirib. Boksçumuz bu qarşılaşmadan qalib ayrılaraq dörddəbir finalda Yulian İvanov (Moldova) ilə üz-üzə gəlib. Rəqibini məğlub edən R.Hüseynov yarımfinaladək inamla irəliləyib və mükafatçılar sırasına düşməyi bacarıb. Bu mərhələdə həmyerlimiz britaniyalı Horn Harveyə məğlub olaraq bürünc medalla kifayətlənib.
Avropa çempionatında ölkəmizi hakim kimi Fuad Aslanov təmsil edib.
Mənbə:> Oxu.Az