40 saniyədə bir ölüm
Dünyada hər 40 saniyədə bir insan intihar edir.
ANS PRESS-in məlumatına görə, Birləşmiş Millətlərin hesabatına əsasən, il ərzində 800 min intihar qeydə alınır. Əgər 1990-2000-ci illər arasında intiharların sayı azalırdısa, 2000-ci ildən etibarən bu rəqəm durmadan artır.
Araşdırmalar zamanı müəyyən olunub ki, hər il intihardan ölənlərin sayı münaqişə və təbii fəlakətlərdən ölənlərin sayından daha çoxdur.
Müəyyən edilib ki, yüksək gəlirli ölkələrdə intihar edənlər orta və az gəlirli ölkələrə nisbətən daha çox olurlar. Belə ki, yüksək gəlirli ölkələrdə intihar göstəricisi hər 100 min adama 12.7, orta və aşağı gəlirli ölkələrdə isə 11.2-dir.
Araşdırmalar göstərib ki, bəzi ölkələrdə intihar edənlərin çoxu 70 və daha çox yaşlı insanlardır. Amma elə ölkələr var ki, intihar edənlərin böyük əksəriyyəti 15-29 yaşlı gənclərdir. Ümumilikdə isə intihar edənlərin çoxu 45-64 yaş arası insanlardır. İntihar edən kişilər qadınlardan dörd dəfə çoxdur.
Ən geniş yayılan intihar üsulları asılmaq və odlu silahla atəş açmaqdır. İntihara gətirib çıxaran səbəblər isə əsasən psixi problemlər, depressiya, insanların gənc yaşlardan rastlaşdıqları sosial problemlərdir. Bundan başqa intihara sövq edən səbəblərdən biri də medianın intihar hallarını geniş işıqlandırması və onları bir növ reklam etməsidir. Buna misal olaraq Hollivud aktyoru Robin Uilyamsın intiharını göstərmək olar.
Bir fikri unutmamalıyıq ki, intihar insanı azad etmir.
Mənbə:> ANSPRESS