Birinci Dünya Müharibəsinin 100-cü ildönümündə bilmədiyiniz 5 gerçək – Tarixin ilk kimyəvi qaz hücumu, Çanaqqalada ingilislər tərəfində döyüşən anzaklar və…
Birinci Dünya Müharibəsinin bitməsinin üstündən düz 100 il keçdi.
Avropa.info xəbər verir ki, təxminən 9,7 milyon əsgərin və 10 milyon mülki vətəndaşın öldüyü Birinci Dünya Müharibəsi haqda bir çox tarixi kitabı yazılıb və araşdırmalar aparılıb. Ancaq bu dövrə aid rəqəmlər, təbliğatın çoxluğu və sənədlərin az olması səbəbindən mübahisələr hələ də davam edir.
Avropa.info saytı Birinci Dünya Müharibəsi ilə bağlı bilməyimiz lazım olan 5 məlumatı oxucuları ilə bölüşür:
1- Müharibə sonunda bitərəf qalan ölkələrin sayı çox az idi
Birinci Dünya Müharibəsinin rəsmən başladığı 28 iyul 1914-ci il tarixindən həmin ilin sonuna qədər yalnız 10 ölkə müharibəyə qoşulmuşdu. Aralarında Osmanlı dövlətinin də olduğu dövlətlərin əhalisi isə 800 milyonu, yəni o dövrdə dünya əhalisinin təxminən yarısını əhatə edirdi.
11 noyabr 1918-ci ildə atəşkəs müqaviləsi imzalanan zaman isə müharibədə tərəf kimi çıxış etməyən sadəcə 20 ölkə vardı. Bunların çoxu, Latın Amerikası və Şimali Avropa ölkələri idi.
Almaniya ümumilikdə təxminən 13 milyon şəxsi müharibədə səfərbər etmişdi, ən çox səfərbərliyin baş verdiyi ölkə isə 18 milyonla Rusiya oldu.
Birləşmiş Krallığın topladığı 9 milyon insanın 1,4 milyonu Hindistan kimi imperiyanın müstəmləkələrindən gətirilmişdi. 8 milyon nəfərlə savaşda iştirak edən Fransa isə koloniyalardan 600 min insan müharibəyə cəlb etmişdi.
Tarixçi və keçmiş ABŞ zabiti Edvard Ericksonun verdiyi rəqəmlərə görə isə Osmanlı İmperiyasından səfərbərliyə çağıranların sayı 2 milyon 873 min nəfəri idi.
2- Əhaliyə nisbətən ən çox itki verən ikinci ölkə Osmanlı İmperiyası oldu
Müharibədə ən çox itki verən ölkələrdən biri Osmanlı İmperatorluğu olub. Robert Schuman Mərkəzinə görə Osmanlıda ölən əsgərlərin sayı təxminən 772 min olub. Bu göstəriciyə görə müharibə boyunca gündə orta hesabla 493 əsgər həyatını itirib.
Lakin Birinci Dünya Müharibəsini əvvəlki müharibələrdən fərqləndirən ən mühüm xüsusiyyətlərdən biri mülki itkilərin hərbi itkilərdən yüksək olması idi. Yenə eyni mənbəyə görə, Osmanlıda ölən vətəndaşların sayı 2 milyon 150 mini keçib.Bu nisbət Serbiyadan sonra ən yüksək rəqəm kimi qarşımıza çıxır.
3- Tarixin ilk kimyəvi qaz hücumu
Dünyanın ilk zəhərli qaz hücumu bu müharibədə baş verib. 22 aprel 1915-ci il tarixində Belçikanın Ypres şəhərində almanlar tərəfindən atılan qaz bombası, 5 min fransız əsgərinin ölməsinə səbəb olub.
İlk istifadə edilən qaz xlor qazı olub, daha sonralar fosgen qazı da istifadə edilməyə başlandı.
1917-ci ilin yayında isə məşhur “xardal qazı”ndan istifadə edilməyə başlanıb. Almanların yenə Ypres şəhərində sınadığı bu kimyəvi qaz, acı bir qoxu yayması və zəhərli olması ilə yanaşı, dəri üzərində də yaralar meydana gəlməsinə səbəb olurdu.
Qaz bombaları müharibə ərzində 20 min əsgəri öldürərkən, bu kimyəvi silahların insanlar üzərində sahib olduğu zərərli təsirlər dünya müharibəsinin ən qaranlıq xatirələrindən biri olaraq qaldı. Kimyəvi silahların istifadəsi daha sonra, 3 sentyabr 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatında imzalanan bir müqavilə ilə qadağan olundu.
4- Qadınlar da kişilər qədər əhəmiyyətli bir rol oynadı
Birinci Dünya Müharibəsində kişilərlə yanaşı qadınlar da səfərbərliyə çağırılırdı.
Səhiyyə kadrlarının çatışmazlığından dolayı qadınlar adətən şəfqət bacısı təhsili alaraq yaralı əsgərlərə baxırdı. Osmanlıda tibb bacısı təhsili 1913-ci ildə Balkan Müharibəsi dövründə başlamış, Birinci Dünya Savaşı sırasında da davam etmişdi.
Digər tərəfdən, qadınlar çətin sahələrdə də işlə təmin edilib. Adətən təsərrüfat sənətkarlığı edən qadınlar, bununla yanaşı dülgərlik, aşpazlıq, dərzilik, mühasibat kimi peşələrdə də vəzifə alıb.
5- Çanaqqala savaşında anzaklardan daha çox ingilis əsgəri öldü
Müharibənin gedişində dönüş nöqtələrindən biri kimi qiymətləndirilən Çanaqqala savaşında Osmanlı qoşunlarına qarşı döyüşən Britaniya koloniyaları arasında çoxluq təşkil edənlər anzaklar idi.
Yeni Zelandiya və Avstraliya xalqlarından ibarət olan anzaklar, hər nə qədər Çanaqqala müharibəsində çoxsaylı itkilər versələr də, onların ölən və yaralanan əsgərlərinin sayı ingilis əsgərlərinin təxminən 4-də biri qədər idi.
Müharibədə ən böyük itkiləri verən tərəf Osmanlı oldu. Alyans ölkələrinin bütövlükdə 44 min ölü, 97 min yaralı sayına qarşı Osmanlıda 86 mindən çox əsgər ölmüş, 164 mindən artıq əsgər yaralanmışdı.
Mənbə:> Avropa.info