2 yaşlı oxatan qız
İki yaşlı hindistanlı qız oxçuluq üzrə yeni milli rekorda imza atıb, Hindistan Rekordlar Kitabına düşüb.
ANS PRESS-in BBC-yə istinadən verdiyi məlumata görə, cənub ştatı Andra Pradeşdəki Vijayavada şəhərindən olan iki yaşlı Dolli Şivani Çerukuri yarışda 200-dən çox xal toplayan ən gənc hindistanlı olub. O, beş metrlik məsafədən 36 oxu hədəfə vurub, sonra yenidən yeddi metrik məsafədə hədəfi düzgün nişan alaraq ümumilikdə 388 xal toplayıb.
Onun nailiyyətini idman mütəxəssisləri və Hindistan Rekordlar Kitabının rəsmiləri izləyib. "Biz hamımız onunla fəxr edirik. Biz çox təsirlənmişik",- deyə Hindistan Oxçuluq Assosiasiyasının rəsmisi Gunjan Abrol bildirib.
Dolli qardaşı, beynəlxalq oxçu və məşqçi Çerukuri Leninin 2010-cu ildə baş vermiş yol qəzası zamanı həlak olmasının ardından surroqat vasitə ilə dünyaya gəlib.
Dollinin atası, Vijayavadada Oxçuluq Akademiyasını idarə edən cənab Çerukuri Satyanarayana bildirib ki, o, çempion olmaq üçün doğulandan bəri təlim keçib. "Biz uşağın dünyaya gələcəyindən xəbər tutanda qərara gəldik ki, onu oxçu kimi formalaşdıraq. Hazırlıqlar uşaq hələ ana bətnində olarkən başlayıb"- deyə, o əlavə edib.
Cənab Satyanarayana bildirib ki, onların xüsusi ilə körpələr üçün hazırlanmış oxları olub. Oxlar uşağın idmanı öyrənərkən saxlaya bilməsi üçün kifayət qədər yüngül olub. Oxçuluq üzrə mütəxəssislər deyir ki, uşaqlar daha yüngül oxlarla məşq edir və Dollinin oxu da çox yüngül olmalıdır. "Uşaqları həddən artıq çox yükləmək olmaz. Onlar hər gün maksimum iki və ya üç saat məşq edə bilərlər. Lakin Dolli oxçular ailəsindən gəlir və o çox şeyə qadirdir"- deyə mütəxəssiz bildirib.
Hindistan Rekordlar Kitabı körpənin qızıl medal və sertifikatla şəkillərini dərc edib. "Qızımız xəyal etdiyimiz qəhrəmanlıq göstərib... Mən ailəmin necə xoşbəxt olduğunu sözlərlə ifadə edə bilmərəm", deyə cənab Satyanarayana bildirib. Onun sözlərinə görə, indi onlar Dollinin adının Ginnessin Dünya Rekordlar Kitabına daxil edilməsinə çalışacaqlar.
Mənbə:> ANSPRESS