78 yaşlı azərbaycanlı “Ginnesin rekordlar kitabı”na iddialıdır – FOTO
Masallı sakini Ələmdar Əliyev “Ginnesin rekordlar kitabı”na düşmək iddiasındadı.
AzNews.info-nun Lent.az-a istinadən məlumatına görə, Masallı rayonunun Hişkədərə kəndində yaşayan Ələmdar dayının 78 yaşı var. Dünyaya göz açarkən qusurlu doğulduğundan anası ondan imtina edib. Övladının yaşamasını arzulamayan ana, onu qışın oğlan çağında həyətyanı sahədə qarın içinə atıb. Yeni doğulan körpənin üç gün qar üzərində qalaraq ölmədiyini görən valideynlər uşaqdan imtina etməkdən əl çəkiblər.
Ələmdar kişi ilin bütün fəsillərində soyuq suda çimdiyini, amma bir dəfə də xəstələnmədiyini deyir. Dənizdə çiməndən sonra o, özünü gümrah, rahat və yüngül hiss etdiyini bildirir. İndi onun ən böyük arzusu “Ginnesin rekordlar kitabı”na düşməkdir. Ağsaqqal bu istəyinə nail olmaq üçün illərdir ki, qarlı-şaxtalı havada Xəzər dənizinə baş vurur.
Ələmdar Əliyev hazırda Masallı rayon Telekommunikasiya qovşağında montyor işləyir. İş yoldaşlarının sözlərinə görə, Ələmdar kişi ən soyuq havada belə istənilən hündürlüyə qalxır və rabitə sahəsində qış aylarında baş verən problemləri dərhal və hamıdan əvvəl aradan qaldırır.
Qeyd edək ki, havanın temperaturu mənfi 3-4 dərəcə olmasına baxmayaraq, Ələmdar Əliyev həftədə bir neçə dəfə Xəzər dənizində çimir.
Mənbə:> Lent.az