Səudiyyə Ərəbistanında israfa görə cərimələyəcəklər
Yeməklərdə yol verilən israf yaxın zamanlarda Səudiyyə Ərəbistanında ciddi qanun pozuntusuna çevrilə bilər. Hazırda Krallığın Məşvərət Şurası müvafiq qanun layihəsini nəzərdən keçirir.
Oxu.Az-ın “Al Arabiya”ya istinadla verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı artıq uzun illərdir ki, adam başına düşən qida tullantılarının ən çox olduğu ölkələr siyahısına başçılıq edir. Belə ki, Səudiyyə vətəndaşı orta hesabla ildə 250 kiloqram ərzağı zibilxanaya atır. Dünya üzrə müvafiq orta statistik göstərici isə 115 kiloqram təşkil edir.
Belə israf Dövlət büdcəsinə ildə 13 milyard dollar ziyan vurur. Yeni qanunun tətbiqində əsas məqsəd cəmiyyətdə rasional istehlak mədəniyyəti aşılamaqdır.
Sənədə əsasən, yarımçıq yeyilmiş yeməklərə görə (ümumi çəkisi 1 kiloqramdan artıq olarsa) müştərilər restoranda yeməyin ümumi dəyərinin 5% - 20%-ni cərimə kimi ödəyəcəklər. Amma müştəri yeməyin qalıqlarını özü ilə aparacağı təqdirdə cərimədən qurtula biləcək.
Mənbə:> Oxu.Az