Azərbaycanda 64 ilin maşını 70 min manata satışa çıxarıldı – VİDEO+FOTO
Qusarda satışa çıxarılan “QAZ-12” markalı avtomobilin nə az nə çox düz 64 yaşı var.
Avtomobil öz sahibi Gülmət Şahbazovdan cəmi 1 yaş kiçikdir. 70 min manata satılan avtomobilə ölkəmizdə nadir rast gəlinir. Sahibi onu 29 il öncə Qubadan 3 min rubla alıb. Lakin maşın ötən ilə qədər istifadə olunmayıb. Avtomobil 1 il ərzində sahibi tərəfindən saz vəziyyətə gətirilib.
Gülmət Şahbazov (avtomobilin sahibi): "Atam xoşlayırdı. Ona görə atama almışdım. Atam rəhmətə gedəndən sonra dedim qoy belə qalmasın, düzəltdim".
Maşın ustası olan Gülmət Şahbazov avtomobildə çox cüzi dəyişiklik edib. O motor, oturacaqlar və təkərləri dəyişdirib. “QAZ-12”-nin əksər dettaları isə elə zavoddan buraxıldığı gündən bu vaxta kimi qalmaqdadır. 2 ton 700 kq çəkiyə malik avtomobilin uzunluğu 6 metrdir. “QAZ-24” motoru ilə təchiz olunan maşın 95 at gücünə malikdir. Buraxılışının ilk illərində "QAZ-12" yüksək vəzifəli məmurların xidməti maşını olub.
Retro maşınlara rəğbət bəsləyən Gülmət Şahbazov “QAZ-12”ni satdıqdan sonra digər qədim avtomobilinə ikinci nəfəs vermək niyyətindədir. O, 1948-ci ildə buraxılan “Pobeda”sını da təmir edərək sükanı arxasına əyləşmək istəyir.
Mənbə:> Virtualaz.org