Əhməd Ağayevin anım günüdür » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Tarix

Əhməd Ağayevin anım günüdür

Əhməd Ağayevin anım günüdür


Bu gün Azərbaycanın tanınmış yazıçı, jurnalist, siyasətçi, pedaqoq, filosof və s. bu kimi sahələrdə özünü inkişaf etdirmiş Əhməd bəy Ağaoğlunun vəfatından 76 il ötür. Hələ Sankt-Peterburqda təhsil aldığı dövrlərdə dostları Əlimərdan bəy Topçubaşov və Əli bəy Hüseynzadə ilə birlikdə Azərbaycan və Türkiyədə müasirləşmə və millətçilik fikirlərinin oyanmasında böyük işlər görmüş Əhməd bəy Ağaoğlu təəssüf ki, sovet dövründə məqsədli olaraq unutdurulub və bu gün kifayət qədər tanınmır.

Azərbaycan Müəllimlər İnstitutu Şəki filialının tarix müəllimi, tarix üzrə fəlsəfə doktoru Ramin Sadıqov bu mühim şəxsiyyət barədə həqiqətləri ANS PRESS oxucularına təqdim edir.

Fikirləri ilə dərin izlər qoymuş dəyərli ziyalımız, Əhməd bəy Ağayev

20-ci əsrin əvvəllərində, Azərbaycan və Türkiyədə, Qərbliləşmə və millətçilik fikirlərinin oyanmasında böyük işlər görmüş mühüm bir simadır Əhməd bəy Ağayev. Əsilzadə bir ailədən gələn Ağayev, bütün həyatını Türk dünyasının inkişafına, Azərbaycan xalqının öz milli şüuruna və tarixinə sahib çıxmasına həsr edib.

Hələ kiçik yaşlarından oxumağa, öyrənməyə həvəsli olan Əhməd bəy, təhsilini Fransada Sorbonna Universitetində davam etdirib. Ərəb, Fars, Fransız dillərini çox yaxşı öyrənib, 1890-cı ildən etibarən Şərq fəlsəfəsinə və ədəbiyyatına aid ilk məqalələrini dərc etdirib. Bu arada Parisdə ikən “Gənc Türklər” təşkilatının nümayəndələri ilə tanışıb, onlarla görüşmələrində Rusiya Türklərinin milli problemləri ətrafında müzakirələr aparıb. Eyni zamanda vətən ilə də əlaqəsini kəsməyib, bəzən Tiflisdə Rus dilində nəşr olunan “Kavkaz” qəzetində məqalələr nəşr etdirib.

Avropadan qayıtdıqdan sonra Azərbaycanda Məşriq adlı qəzeti çıxartmaq üçün hökümətdən icazə ala bilməyən Əhməd bəy Ağayev, 1896-cı ildə Şuşaya gedərək realnı məktəbdə Fransız dili müəllimi işləməyə başladı. Bu dönəmdə Kaspi qəzetində dərc etdirdiyi bir sıra məqalələrində əsasən müsəlman xalqlarının düşdüyü acınacaqlı vəziyyəti təhlil edirdi.

Əhməd bəy Ağayev, Azərbaycan və ümumən bütün Rusiya türklərinin çar istibdadı altında milli varlıqlarını itirmək təhlükəsi altında qaldıqlarını düşünürdü. Buna görə də hesab edirdi ki, Türklər öz varlıqlarını qorumaq üçün Türklüklərinə sahib çıxmalıdırlar. Bu arada o, Rusiyanın deyil, qərbin örnək alınmasını da tövsiyyə edirdi. Bu səbəblə ona Azərbaycanda qərbliləşmə hərəkətini başladan ilk ziyalı da demək mümkündür.

Şübhəsiz 1905-ci ildə ermənilərin dinc Azərbaycan xalqına qarşı törətdiyi cinayət və qətliamlar Əhməd bəy Ağayevi çox kədərləndirirdi. Fəqət o sadəcə kədərlənməklə qalmır, çar məmurlarının «fitvası» ilə cəsarət alan ermənilərə qarşı elə özlərinin anladığı şəkildə cavab verilməsini tövsiyyə edirdi. Hətta o bu fikirlərini milli qırğınların kəskinləşməsi ilə əlaqədar 1906-cı ilin Fevralın 20-də Qafqaz canişinliyinin Tiflisdə çağırdığı “barışdırıcı qurultay”ında da açıqlamışdı. Ağayev orada Azərbaycan tərəfinin proqramını təqdim etmiş, Azərbaycan xalqına qarşı erməni vəhşətinin dayandırılmasını, Daşnaqsütun partiyasının və digər erməni təşkilatlarının buraxılmasını, əks halda Azərbaycan tərəfinə də müdafiə olunmaq üçün ordu yaratmağa icazə verilməsini söyləнши, gətirdiyi tutarlı dəlillərlə erməni rəhbərlərini susdurmuşdu.

Bu hadisələrdən sonra çar hökümətindən Azərbaycan xalqının xeyrinə müsbət bir cavab alınacağına ümidi qalmayan Ağayev, 1906-cı ildə Şuşaya gəldi, şəhərin nüfuzlu sakinləri ilə məsləhətləşmələr apardıqdan sonra “Difai” partiyasını qurdu. Partiyanın mərkəzi Bakıda yerləşsə də, fəaliyyətləri əsasən şimal-qərb bölgələrində idi. Üzvlərinin sayı 1000 nəfərə çatan Difaiyə xalq arasında böyük rəğbət vardı.

Difai Partiyası erməni terroruna qarşı silahlı mübarizəni məcburi bir yol kimi seçmişdi. Çünkü çar höküməti və onun məmurları dinc Azərbaycan xalqının öldürülməsinə, evlərinin və mallarının talan edilməsinə açıqca göz yumurdular. Bu isə Difaiçiləri daha ciddi addımlar atmağa sövq edirdi. Bu addımlardan ən mühümü erməni vəhşiliyinə göz yuman çar məmurlarını cəzalandırmaq idi. 1906-cı ilin sonuna doğru Difaiçilər Şuşa general-qubernatoru V. N. Qoloşapovu və onun dəftərxana müdiri Kleşinskini qətlə yetirdilər. 1907-ci ildə bu dəfə Naxçıvan qəza rəisi podpolkovnik Engel də öldürüldü. Maraqlı cəhət orasıdır ki, Difaiçilər hər bir aksiyadan sonra özlərini gizlətmir, açıq bir şəkildə bütün məsuliyyəti öz üzərilərinə götürürdülər. Üstəlik qəzetlərə göndərdikləri bəyanatlarda qətllərin səbəblərini izah edir, dinc Azərbaycan xalqına qarşı bu cür siyasət yeridənlərin hamısını bu cür aqibətin gözlədiyini açıqlayırdılar.

1908-ci ildə Çar hökümətinin Difaiçilər və Əhməd bəy Ağayevə qarşı təzyiqləri artdı. Onun qəzetləri bağlandı, özü təqib edilməyə başlandı. Nəticədə Ağayev, Türkiyəyə getməyə məcbur qaldı. Difaiçilər isə kültəvi şəkildə həbs edildilər.

Türkiyəyə mühacirət edən Ağayev, daha öncə Fransada tanış olduğu Gənc Türklərlərə yaxınlaşdı, İttihad Tərəqqi partiyasına daxil oldu. Eyni zamanda Türkiyədə elmi, publisistik fəaliyyətlərini də davam etdirərək “Tərcüman-ı Həqiqət” qəzetinin redaktoru vəzifəsində işləməyə başladı. Bu arada qeyd etmək lazımdır ki, “Türk Yurdu” jurnalının yaradıcılarından biri olan Ağayev, Türkçülük hərəkatının məşhur ideoloqlarından biri kimi Əlibəy Hüseynzadə, Ziya Göyalp, Yusif Akçura, Həmdullah Subhi və başqaları ilə çiyin çiyinə çalışmış, Afyonqarahisardan Osmanlı məclisinə deputat seçilmişdi.

1918-ci ilin may ayının 28-də Azərbaycan Cumhuriyyəti elan olunduqdan sonra Osmanlı və Azərbaycan arasındakı müqaviləyə əsasən Nuri Paşa rəhbərliyindəki Qafqaz İslam ordusu ölkəmizə gəldi. Bu sırada Ə. Ağayev də Nuri Paşanın siyasi müşaviri kimi muhacirətdən Azərbaycana qayıtdı. Xüsusən “İyun böhranı” dövründə Nuri Paşa ilə Milli hökümət arasında anlaşmazlıq yarananda, iki tərəf arasındakı ümumi razılığa gəlinməsində vasitəçilik etdi.

Əhməd bəy Azərbaycan Cumhuriyyəti parlamentinə üzv seçilmişdi. Ayrıca Paris sülh konfransına göndərilən nümayəndə heyətinin tərkibinə qatılmış, lakin İstanbulda “Türk jurnalisti və Osmanlı parlamenti üzvü” kimi təqdim olunaraq İngilislər tərəfindən həbs edilmişdi. 26 aylıq Maltada sürgün həyatı yaşadıqdan sonra Atatürkün təşəbbüsü ilə azadlığa buraxılıb və 1921-ci il mayın 28-də İstanbula qayıdıb.

Türkiyəyə döndükdən sonra Atatürk rəhbərliyində davam edən Milli Qurtuluş müharibəsinin fəallarından biri olub. Türkiyə Böyük millət məclisi açıldıqdan sonra Qarsdan iki dəfə millətvəkili seçilib. Eyni zamanda Ankara Universitetində professor və Hakimiyyəti Milliyə qəzetində redaktor işləyib.

Əhməd bəy Ağayev bütün həyatı boyunca Qərb mədəniyyətinin öyrənilməsi və tətbiqini tövsiyyə edib. Onun, Azərbaycan, Türkiyə və ümumiyyətlə Rusiya türkləri arasında millətçilik düşüncələrinin oyanmasında misilsiz rolu olub. Sovet dövründə “Panislamist”, “Pantürkist” adlandırılaraq adı və əsərləri unutdurulmağa çalışılıb. Lakin son dönəmlərdə onun haqqında ölkəmizdə geniş tədqiqatlar aparılmaqda, 20-ci əsrin əvvəllərində fikir və fəaliyyətləri ilə Azərbaycan xalqının rəğbətini qazanmış bu dahi insanın həyatı öyrənilməkdədir.

Ramin Sadıqov tarix üzrə fəlsəfə doktoru
Azərbaycan Müəllimlər İnstitutu
Şəki filialının tarix müəllimi

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *