Cəlilabadda tarixi tapıntı – FOTO
Eramızdan əvvəl 1-ci minilliyə aid edilən nümunələr.
Cəlilabadda eramızdan əvvəl 1-ci minilliyə aid edilən maddi-mədəniyyət nümunələri aşkarlanıb.
AzNews.info-nun APA-ya istinadən məlumatına görə, rayonun Xanəgah kənd sakinləri fərdi təsərrüfatlarında şum apararkən traktorun kotanı qədim məişət və əmək alətlərinə ilişib.
Bu zaman torpaq qatının altından xeyli sayda ev təsərrüfatında işlədilən saxsı və digər məişət məmulatları üzə çıxıb. Xanəgah kənd orta məktəbinin tarix müəllimi Rza Rzayevin sözlərinə görə, tapıntı ərazidə qədim yaşayış məskənin mövcudluğunu və özünəməxsus mədəniyyətə sahib olan böyük bir tayfanın yaşadığını deməyə əsas verir. Tapılan əşyalar eramızdan əvvəl 1-ci minillyin sonunda Xudutəpə yaşayış məskənində müxtəlif dini inancli insanların toplum şəklində yaşamasına dəlalət edir.
Ərazidə 5 kiloqramlıq yumru daş da tapılıb. Tarix müəlliminin qənaətincə, bu daş düşmənlər tərəfindən əraziyə hücum zamanı mancanaqla atılıb. Belə ki, dəniz səviyyəsindən 700-800 metr yüksəklikdə yerləşən, ətrafı təpələr və çaylarla əhatələnən yaşayış məskəninə yadellilər tərəfindən həmişə hücumlar edilib. Yaşayış məskəninin həmçinin bir vaxtlar Şəhriyar düzündə Şilvəngə ətrafında mövcud olan Muğanna şəhərinin də olduğu ehtimal edilir.
Qeyd edək ki, Xudutəpə yaşayış məskəni orta tunc dövrünə aiddir.
Mənbə:> APA