Polşalı səyyahın Gədəbəy sərgüzəştləri – VİDEO+FOTO
Polşalı səyyah Tommi Mey (Tommy May) Gədəbəy rayonunda səfərdə olub
Bir neçə ay bundan öncə polşalı məşhur səyyah Tommi Mey Azərbaycana gəlib. Dünyanın bir çox yerlərini qarış-qarış gəzən səyyahın Azərbaycana səfərinin əsas məqsədi Gədəbəy rayonuna gəlmək və Kiçik Qafqazın bu diyarını öz gözləri ilə görmək istəyi olub.
Gədəbəy rayonu Azərbaycanın ən qədim insan yaşayış məskənlərindən biridir. Ərazidə olan tarixi mədəniyyət abidələri eramizdan əvvəl 12-7-ci əsrləri əhatə edən Xocalı-Gədəbəy mədəniyyətinin bir hissəsi kimi tariximizə daxil olmuşdur.
AzNews.info xəbər verir ki, səyyah da öz bloqunda Gədəbəyin qədim tarixə malik olmasını qeyd edir. Onun sözlərinə görə, 252-253-cü illərdə Fars imperiyasının bu ərazilərə hücumları nəticəsində, dövrün bir sıra qədim qalaları yerlə-yeksan olmuşdur. İndiki dövrümüzə yalnız onların xarabalıqları və dağıdılmış qalıqları gəlib çıxıb. Belə tarixi qalalardan biri rayon ərazisində yerləşən Qız qalasıdır. Koroğlu qalası isə 16-cı əsrin yadigarıdır.
Qızıl mədənləri ilə zəngin olan rayon XIX əsrdə Siemens Brothers şirkətinin diqqəti cəlb edir. Qızıl, gümüş və mis yataqlarının istismarına başlayan Siemens qardaşları Çar Rusiyasında ilk su elektrik stansiyasını, Azərbaycanda ilk dəmiryolunu məhz Gədəbəy rayonunda inşa edilməsinə öz töhvələrini veriblər. Səyyahın sözlərinə görə, o zaman Gədəbəy ərazisində mis yataqlarının qazıntısı zamanı aşkar olunmuş artefaktlar Almaniyaya aparılıb və hal-hazırda Berlin muzeyində qorunur.
Gədəbəy rayonun təbiətinə də heyran qalmış Tommi Mey Narzan, Turşsu, Çaldaş, Mor-mor və Söyüdlü Narzanı kimi tanınan əraziləri xüsusi vurğulayır.
Qeyd edək ki, dəniz səviyyəsindən 1400 metr yüksəklikdə yerləşən rayonun ən hündür zirvələri Qoşabulaq (3549 m), Qaraarxac (3449 m) və Qocadağ (3317 m) zirvələridir. Şəhər mərkəzinin 9000, rayonun ümumilikdə 90 mindən çox əhalisi var. Rayonda 86 ümumtəhsil məktəbi (16 ibtidai, 28 doqquz illik,42 orta), 1 texniki peşə məktəbi var. Həmçinin rayonda 13 mədəniyyət evi, 26 klub, 67 kitabxana, 39 kinoqurğu var. Rayonun mərkəzində 5 min nəfərlik stadion var. Rayonda 325 çarpayılıq 10 xəstəxana, 36 feldşer-mama məntəqəsi, sanitariya-epidemioloji stansiya, 75 həkim, 298 orta tibb işçisi var.
Rayon ərazisində məşhur Qızılca Dövlət Təbiət Yasaqlığı və 4 təbii abidə – Qovdu, Gödəkdərə, Qamış və Şamlıq meşə massivləri var. Rayonun dağlarında, meşə və dərələrində heyvanat və bitki aləmi çox zəngindir.
AzNews.info səyyahın Gədəbəydə çəkdiyi video və fotoları oxucularına təqdim edir:
Səyyahın bloqu ilə buradan tanış ola bilərsiniz.
Mənbə:> AzNews.info