“Qadınların voleybola baxması fahişəliyə bənzəyir”
İran və ABŞ kişi voleybol komandaları arasında bu gün və bazar günü baş tutacaq və paytaxt Tehranda keçiriləcək matçlarla bağlı etiraz aksiyası keçirilib.
Virtualaz.org saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb Beynəlxalq Voleybol Federasiyasının adıçəkilən matça qadınların da buraxılacağını açıqlaması olub.
Həmçinin İran prezidentinin qadınlarla iş üzrə müavini Şahinduxt Molaverdi də 500 qadının matça canlı tamaşa edə biləcəyini bildirib. O, əlavə edib ki, müxtəlif vaxtlarda qadınların voleybol, basketbol və həndbol matçalarını izləməyinə icazə veriləcək. Amma futbol, üzgüçülük və güləş yarışları ilə bağlı qadağa hələ qüvvədədir.
Bu icazəyə etiraz edən radikal kəsim qadınların bu gün baş tutacaq matça gedəcəyi təqdirdə qan töküləcəyini deyib.
Özünü “Ümmət Hizbullah” adlandıran könüllü qruplaşmanın üzvləri isə internetdə və Tehran küçələrində yaydığı çağırışlarda qadınların matça getməyini fahişəliyə bənzətdiklərini deyiblər. Onlar həmçinin bunun ölkənin ali dini lideri Ayətullah Əli Xameneyinin fitvalarına zidd olduğunu vurğulayıb.
Başqa bir çox yüksək rütbəli din adamları və rəsmilər də Ş.Molaverdinin açıqlamasını qınayıb.
Onlar bu qadağanın səbəbini qadınları kişi azarkeşlərin pis davranışından qorumaqla izah edirlər.
Qeyd edək ki, bundan öncə də belə hallar yaşandığından Beynəlxalq Voleybol Federasiyası İranda qadınlara qarşı adıçəkilən qadağa ləğv olunmayana qədər bu ölkədə heç bir beynəlxalq çempionat keçirilməyəcək.
Mənbə:> Virtualaz.org