Volqoqradda silahlı insident
Volqoqradın Krasnoarmeyski rayonunda atışma baş verib, nəticədə bir nəfər həlak olub, daha üç nəfər isə yaralanıb.
Virtualaz.org bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi Regional Baş İdarəsinin mətbuat xidmətinə istinadən Rosbalt xəbər yayıb.
Münaqişə yanvarın 18-də axşam saatlarında Stalinqrad Qəhrəmanları prospektindəki 2 nömrəli evin həyətində, "Russkiy çay" kafesi yaxınlığında baş verib.
Yerli polisin nümayəndəsi bildirib ki, dörd gənc kafedən çıxarkən naməlum adamlar onlara tərəf atəş açıb, üstəlik bıçaq zərbələri də endiriblər.
Digər bir məlumata görə isə qara rəngli maşında evin həyətinə gələn bir qrup qafqazlı orada dayanmış dörd nəfərlə — bir rus, bir çeçen və iki azərbaycanlı ilə dava edib.
Dava zamanı odlu silahdan da istifadə olunub. Atışmada 25 yaşlı oğlan həlak olub, daha üç nəfər isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Hücum edənlər qara rəngli “Toyota Land Sruiser”də hadisə yerindən uzaqlaşıblar, amma yerli KİV-in məlumatına görə, Sovetski rayonunda, Elektrolesovskoy küçəsindəki Petrov adına zavodun yanında saxlanılıblar. Ancaq polisdə hələ bu informasiyanı təsdiq etmirlər.
Bildirilir ki, ərazi mühasirəyə alınıb, hadisə yerində operativ-istintaq qrupu işləyir. Hadisənin hansı şəraitdə və hansı səbəbdən baş verdiyi araşdırılır.
Faktla bağlı Cinayət Məcəlləsinin üç maddəsi üzrə cinayət işi qaldırılıb.
Mənbə:> Virtualaz.org