Piyadanı vuraraq hadisə yerindən qaçan sürücü yaxalanıb
Xəzər rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçan sürücü tutularaq istintaqa cəlb edilib. Bu barədə Bakı şəhər Prokurorluğu və şəhər Baş Polis İdarəsi birgə məlumat yayıb.
Belə ki, noyabrın 1-də Xəzər rayonu ərazisində Cəbrayılov Elşən Mustafa oğlunun idarə etdiyi “VAZ-2101” markalı 10-FT-197 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən piyada Qəribov Ceyhun Tərlan oğlunu vurması nəticəsində sonuncunun aldığı bədən xəsarətlərindən hadisə yerində ölməsi və sürücünün hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.
Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində E.Cəbrayılov noyabrın 2-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Mənbə:> virtualaz.org