Dəhşətli avtobus qəzası ilə bağlı RƏSMİ MƏLUMAT
Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu bu gün səhər saatlarında paytaxtda baş vermiş avtobus qəzası ilə bağlı rəsmi məlumat yayıb.
Baş Prokurorluqdan Oxu.Az-a daxil olan məlumatda bildirilir ki, fevralın 24-də paytyaxtın Nizami rayonu ərazisində Anar İsmayılovun idarə etdiyi “İsuzu” markalı, 10 TC 962 dövlət qeydiyyat nişanlı 62 saylı marşrut xəttində işləyən avtobusla Rəfael Musayevin idarə etdiyi “Daewoo” markalı 90 HS 692 dövlət qeydiyyat nişanlı 36 saylı marşrut xəttində işləyən avtobusun toqquşması faktı bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.
Aparılan istintaqla yol nəqliyyat hadisəsinin “İsuzu” markalıavtobusun sürücüsü A.İsmayılov tərəfindən törədilməsinə əsaslı şübhələr olduğundan, o, tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, bu gün paytaxtın Nizami rayonu ərazisində Anar İsmayılovun idarə etdiyi “İsuzu” markalı, 10 TC 962 dövlət qeydiyyat nişanlı 62 saylı marşrut xəttində işləyən avtobus işıqforun qadağanedici siqnalında hərəkətdə olarkən Rəfael Musayevin idarə etdiyi “Daewoo” markalı 90 HS 692 dövlət qeydiyyat nişanlı 36 saylı marşrut xəttində işləyən avtobusla toqquşub. Hadisə nəticəsində “İsuzu” markalı avtobusun sərnişini Nəsirov Asif Yusif oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb, sərnişinlərdən 12-si isə müxtəlif bədən xəsarətləri ilə 3 saylı Şəhər Kliniki xəstəxanasına yerləşdirilib.
Onlardan 8 nəfər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Mənbə:> Oxu.Az