Rusiyada təyyarə qəzası: Ölənlər var
İyulun 1-də səhər saatlarında Rusiyanın İrkutsk vilayətində yoxa çıxan FHN-ə məxsus “İl – 76” təyyarəsinin qalıqları Kaçuq rayonunda aşkarlanıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə “RİA Novosti”yə təyyarənin axtarışı ilə məşğul olan operativ qərargahdan bildirilib.
Təyyarə qəza nəticəsində tamamilə parçalandığı və yandığı qeyd olunur:
“Saat 02.00 radələrində (Bakı vaxtilə 03.00 radələrində) Rıbnıy Uyan yaşayış məntəqəsindən 4 km cənubda, təpənin yamacında FHN-ə məxsus yoxa çıxan “İl – 76” təyyarəsi aşkarlanıb. Təyyarə tamamilə parçalanıb”.
Məlumata görə, təyyarənin göyərtəsində 10 nəfər olub.
Xilasedicilər qəza yerində ekipaj üzvlərinin cəsədlərinin fraqmentlərini və “İl – 76” təyyarəsinin qara qutularından birini aşkarlayıblar.
Ehtimal olunur ki, təyyarədə olan 10 ekipaj üzvünün hamısı ölüb.
Mənbə:> Oxu.Az