ABŞ-da uşağı xilas etmək üçün qorillanı güllələdilər – VİDEO
ABŞ-ın Ohayo ştatının Sinsinnati şəhərində yerli zooparkın əməkdaşları 3 yaşlı uşağı xilas etmək üçün 17 yaşlı qorillanı güllələmək məcburiyyətində qalıblar.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, azyaşlı maneədən keçərək heyvanın qəfəsinə düşüb.
Çəkisi 180 kilo olan erkək cinsli Harambe ləqəbli qorilla uşağı götürüb qəfəsdə gəzməyə başlayıb. Təxminən 10 dəqiqədən sonra zoopark əməkdaşları onu güllələyərək öldürüblər.
Zooparkın direktoru Teyn Meynardın sözlərinə görə, mütəxəssislərin sakitləşdirici maddədən istifadə etməməyinin səbəbi onun gec təsir göstərməsidir. O bildirib ki, heyvanın azyaşlıya zərər yetirmək niyyəti olmayıb. Lakin vəziyyət hər an dəyişə bilərdi.
Hadisə nəticəsində uşağı yüngül xəsarətlərlə xəstəxanaya yerləşdiriblər.
Mənbə:> Oxu.Az