Bakıda "8" yazan sürüclər – VİDEO
Sərxoş sürücülərin iştirakı ilə baş verən qəzalarda 25 nəfər dünyasını dəyişib.
ANS TV-nin məlumatına görə, avtomobillər və yollar mənzil başına çatmağımızda bir vasitə olsa da, kiçik bir diqqətsizlik və məsuliyyətsizlik səbəbindən baş verən qəzalar hər gün bir neçə insanı son mənzilə yola salır. Elə sərxoş sürücülərin də içkili halda maşını idarə etməsi həm sürücü üçün, həm də maşında olan digər sərnişinlər üçün son olur. Spirtli içki qəbul edərək sükan arxasına keçərək qəza törədən sürücülərin iştirakı ilə bu ilin 10 ayı ərzində 50 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 25 nəfər dünyasını dəyişib, 59 nəfər yaralanıb. Belə sürücülərə qarşı nə qədər tədbir görülsə də amma nəticə hələ də ürəkaçan deyil.
BDYPİ-nin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev baş verən bu qəzalarda ölənlərin çoxunun uşaqlar olduğunu dedi.
BDYPİ-nin əməkdaşları da belə sürücülərə qarşı tədbirləri davam etdirirlər. Nəticədə bu il Bakı şəhəri üzrə 717 000-dən çox inzibati protokol tərtib olunub ki, nəticədə 6000-dən çox sərxoş sürücü aşkarlanıb.
BDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov sərxoş halda maşınları idarə edən sürücülərə qarşı tədbirlərin hələ də davam etdiyini söylədi. Onun sözlərinə görə, bu halların qarşısının alınması üçün sürücülərə 500 manata qədər cərimə və həbs tətbiq olunub.
Odur ki həyatınızı içkiyə qurban verməyə dəyməz. İnsan hər sükan arxasına oturanda ölümlə üz-üzə dayanır. Buna görə də diqqətli olmaq lazımdır. Həm öz həyatınız həm də başqalarının həyatı üçün.
Mənbə:> ANSPRESS