“Bakutel 2015” sərgisində “Google” şirkəti də iştirak edəcək
İlk dəfə olaraq.
2015-ci il dekabrın 2-dən 5-dək Bakıda 21-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya texnologiyaları (“Bakutel 2015”) sərgi və konfransında 21 ölkədən 203 şirkət bir araya gələcək. Onların 15%-i ilk dəfə bu sərgiyə qatılır.
Oxu.Az xəbər verir ki, bu sözləri “İTE Qrup” şirkətinin icraçı direktoru Edvard Stroon bu gün jurnalistlərə deyib.
Onun sözlərinə görə, bu il sərgidə ilk dəfə olaraq, “AVAYA”, “Google”, “Laboratoriya Kasperskkoqo” və digər aparıcı dünya şirkətləri iştirak edəcəklər.
“Bu il keçirilən 21-ci “Bakutel 2015” sərgisində ən vacib məqamlardan biri “Azerspace-2/Intelsat 38” telekommunikasiya peykinin fəzaya buraxılması ilə bağlı “Azərkosmos” ASC-nin təqdimatları olacaq”, - deyə o qeyd edib.
Öz növbəsində, Rabitə və yüksək texnologiyaları nazirinin müavini Elmir Vəlizadə sərginin hər il coğrafiyasının genişlənməsinin xoş bir hal olduğunu qeyd edib.
““Bakutel” sərgisi ölkəmizdə İKT sahəsində görülmüş işlərə, Azərbaycanın İKT potensialına baxış keçirmək üçün yaradılmış bir tədbir kimi bizim tərəfimizdən qarşılanır”, - deyə E.Vəlizadə çıxışında deyib.
Xatırladaq ki, sərginin rəsmi açılışı sabah saat 11:00-da Baku Ekspo Mərkəzində baş tutacaq.
Mənbə:> Oxu.Az