Bakıda karyera sərgisi keçiriləcək
Sabah Bakıda 9-cu Azərbaycan beynəlxalq “Təhsil” sərgisi öz işinə başlayacaq.
Oxu.Az xəbər verir ki, bu barədə bu gün keçirilən mətbuat konfransında “Təhsil” və “Karyera” sərgilərinin meneceri Aliyə Nəcəfli bildirib.
Onun sözlərinə görə, bu il “Təhsil” sərgisində dünyanın 16 ölkəsindən 124 müəssisə iştirak edəcək:
“İştirakçılar arasında ABŞ, BƏƏ, Rusiya, Latviya, Litva, Niderland Krallığı, Polşa, Türkiyə, Qazaxıstan, İsveçrə, Macarıstan və s. ölkələrin ali təhsil müəssisələri olacaq. Sərgidə həmçinin Rusiyanın bir çox aparıcı universitetləri iştirak edəcək”.
A.Nəcəfli qeyd edib ki, bu il sərgini 15 mindən çox ziyarətçi ziyarət edəcək:
“Ötən il sərgini 9 min ziyarətçi ziyarət edib. Bu il sərgiyə ziyarətçilərin marağı artmaqdadır. Artıq onlayn qeydiyyatdan 10 minə yaxın ziyarətçi keçib və biz düşünürük ki, bu il sərgini 15 mindən çox ziyarətçi ziyarət edəcək”.
“Sərgidə ali məktəblər iştirak etdiyinə görə, giriş yalnız 9-10 və 11-ci sinif şagirdləri, abituriyent, tələbə, onların valideynləri, həmçinin bu sahənin peşəkarları üçün açıq olacaq” - deyə, o qeyd edib.
Xatırladaq ki, sərgi sabah 11:00-da Bakı Ekspo Mərkəzində baş tutacaq.
Onu da əlavə edək ki, sərginin rəsmi açılış mərasimində Təhsil naziri Mikayıl Cabbarovun da iştirakı planlaşdırılıb.
Mənbə:> Oxu.Az - Ülviyyə R.Əli