Nazirlik qadınlar üçün klub yaradır
Azərbaycanda İKT sahəsində çalışan qadınları əhatə edəcək ilk peşəkar qurum – Azərbaycan Qadınlarının İKT Klubu (AQİK / "FEMMES DIGITALES") yaradılır.
ANS PRESS-in Rabitə və Yüksək Texnologiyaları Nazirliyinə istinadla verdiyi məlumata görə, klubun yaradılmasında məqsəd dövlət və özəl sektorlarda, habelə ictimai fəaliyyət sahələrində İKT istiqaməti üzrə fəal olan qadınları və qızları bir araya gətirməkdir.
Klubun təsisçiləri və üzvləri öz şəxsi nümunələrindən çıxış etməklə, praktiki təlimlər vasitəsilə azərbaycanlı qadınların sürətlə inkişaf edən bu maraqlı sahə üzrə təhsil almaq və karyera qurmaq üçün informasiya-kommunikasiya texnologiyalarının verdiyi imkanlardan faydalanmaq istəyini təşviq etməyi planlaşdırırlar.
Azərbaycan hər zaman qadınlara geniş imkanların verilməsində aparıcı rola sahib olub və bu gün də ölkənin dinamik və rəqabətli İKT sektorunun inkişafında xidmət göstərən peşəkar qadınların aparıcı rolunu tanıyır və dəstəkləyir. Bütün dünyada İKT sahəsində bir sıra bacarıqlara artan tələbat qadın və qızların bu sahədəki yerini lazımi səviyyədə müəyyənləşdirmək üçün geniş imkanlar yaradır və uğur qazanmaqdan ötrü onların ixtiyarına lazımi vasitələr təqdim edir.
Klubun təsisçiləri arasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, ITECA, Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi, "B.est Solutions", "Microsoft", "HP", "Azercell", "Bakcell", "Azerfon", "BBTV", AGAT, ASAN, "Mont", "Art Scarves by Menzer Hajiyeva" kimi şirkət və təşkilatlarda çalışan qadınlar təmsil olunur.
Klubun rəsmi açılış mərasimi dekabrın 3-də 20-ci "Bakutel-2014" beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi çərçivəsində Bakı Ekspo Mərkəzinin 3-cü zalında keçiriləcək və saat 18:00-da başlayacaq.
Açılış mərasimində salamlama nitqi ilə rabitə və yüksək texnologiyalar naziri cənab Əli Abbasov, Avropa Birliyinin Azərbaycanda nümayəndəliyinin rəhbəri xanım Malena Mard, Estoniyanın keçmiş xarici işlər naziri xanım Kristina Oyuland çıxış edəcəklər.
Tədbirdə həmçinin "FEMMES DIGITALES" klubunun təsisçiləri – "B.est Solutions" şirkətinin qurucusu xanım Yana Krimpe, "Microsoft" şirkətinin təmsilçisi xanım Səbinə Pərvizi, "Bakcell" şirkətinin nümayəndəsi xanım Xavər Qambayzadə, AGAT-ın rəhbəri Günel İbrahim və "Azerfon" şirkətinin nümayəndəsi Nigar Arpadarai məruzə ilə çıxış edəcəklər.
Mənbə:> ANSPRESS