Bakıda yol polisinin qovduğu maşın qəza törətdi
Bakının Yasamal rayonunda 3 avtomaşının toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Nəriman Nərimanov prospekti, Qədirli və Salatın Əsgərova küçələrinin kəsişməsində Orxan Quliyevin idarə etdiyi “Volkswagen” markalı maşın döngəyə daxil olan zaman əvvəlcə dayanmış vəziyyətdə olan Aytəkin Sarxanovaya məxsus “KIA”, daha sonra isə Emin Quliyevə məxsus “Mercedes”ə çırpılıb.
Qəzanı törədən sürücü Orxan Quliyevin atası və hadisə şahidləri iddia edir ki, hadisədən əvvəl “Volkswagen”i yol patrul xidmətinin avtomaşını təqib edib. Qəzaya da məhz onun polisin saxlama əmrinə riayət etməyərək qaçmaq istəməsi səbəb olub.
“Qai (YPX) qovub oğlumu, saxlamayıb döndərəndə vurub maşınları. Niyə qovursan? İxtiyarı yoxdu qovsun. Qorxusundan saxlamayıb maşını” – deyə qəza törədən sürücünün atası Behbud Quliyev bildirir.
Avtomaşınlarla toqquşandan sonra Yol Polisləri İnşaatçılar prospektinə çıxan zaman “Volkswagen”i saxlada biliblər. Maraqlıdır ki, polislər qəzanı törədən nəqliyyat vasitəsini cərimə dayanacağına aparmayıblar. Bunun əvəzində isə “Volkswagen”in dövlət qeydiyyat nişanlarını sökərək hadisə yerindən gediblər.
Qəza ilə bağlı isə Yasamal rayon polis idarəsi və Bakı şəhər Dövlət Yol Polis idarələsində araşdırma başlanılıb. Qəzadan əvvəl sürücünü həqiqətən yol patrul xidməti avtomaşının qovub-qovmadığı isə bu araşdırmalardan sonra məlum olacaq.
Mənbə:> ANSPRESS