Bəxtiyar Hacıyev: ''Təhsili lazımsız adlandırmaqdansa, əsgər ölümləri ilə mübarizə aparılsın''.
Dünən Milli Məclisin sədri Oqtay Əsədov, ictimaiyyətdə, əsasəndə gənclər sektorunda geniş müzakirələrə səbəb olan çıxışı ilə yadda qaldı. Oqtay müəllim deyir: "5 minə yaxın tələbə lazımsız təhsillə, diplom almaqla məşğul olub. 1200 magistrə də hərbi möhlət hüququ veriləndən sonra hansı vəziyyətin yaranacağını təsəvvür etmək çətin deyil. Ona görə də lazımsız təhsillə, diplom almaqla məşğul olmağın qarşısı alınmalıdır".
"Gənclərə xaricdə təhsil üçün hərbi möhlətin verilməməsi birinci növbədə prezident İlham Əliyevin hər zaman vurğuladığı insan kapitalına böyük zərbə vuracaq". Bu fikirləri isə xaricdə təhsil almış fəal gənc Bəxtiyar Hacıyev öz Facebook səhifəsində yazıb. O fikirlərinə bu cür davam edir: "Azərbaycan hakimiyyətinin son 10 ildə atdığı 3-4 böyük müsbət addım var idisə, biri də (mənə təqaüd verməsələr də) xaricdə təhsil üzrə dövlət proqramı idi. İndi xaricdə təhsili spiker səviyyəsində "lazımsız" adlandırıb gəncləri hərbi hissələrə doldurub əsgər və zabitlər tərəfindən təpiklənərək öldürülməsi Azərbaycana gələcəkdə nə verəcək?
Xaricdə nüfuzlu universitetlərdə nanotexnologiya, biofizika, tibb, mühəndislik və digər lazımlı sahələrdə təhsil ala biləcək gənclərdən ölkəmiz daha çox faydalana bilər, nəinki onların bir il təhsildən uzaqlaşdırılıb, oxumağa və çox şeyə ruhdan düşməkləri.
Oqtay müəllim, birinci hərbi hissələrdə əsgərlərin qeyri-döyüş şəraitində, düşmən gülləsindən yox, əsgər və zabitlərin təpik və yumruqlarından öldürülməsinin qarşısını alın, sonra gənclərin xaricdə təhsili "təhlükə"sinin. Son bir həftədə bir neçə gənc əsgərin döyülərək öldürülməsi xəbəri yayılıb, bunun üzərində düşünmək lazımdır".
Hərbi şəraitdə olan dövlət hərbi gücünü artırmaq istəyirsə, birinci növbədə qeyri-döyüş şəraitində əsgər ölümləri ilə mübarizə aparmalıdır. İkincisi, sayca nisbətən az, amma müqavilə əsasında xidmət göstərən daha peşəkar şəxslərdən ibarət ordu yaradılmalıdır. Xaricdə təhsil almaq istəyənlərə isə yay aylarında bir neçə aylıq intensiv və ağır proqramlı hərbi təlim keçmək və bir neçə aylıq xidmətə yollamaq olar ki, həm xidmət keçsinlər, həm hərbi bacarıqlara yiyələnsinlər ki, döyüş zamanı nə edəcəklərini bilsinlər, həm də təhsilə olan maraq, həvəs və imkanlarını itirməsinlər.
Dövlət olaraq xüsusi ilə də məhz indi, müxtəlif böhranlarla üz-üzə olduğumuz vaxtlarda bütün resurslardan optimal idarə etməyi bacarmalıyıq, xüsusi ilə də ən dəyərli resursumuz olan insan resurslarımızdan.
Mövzunu gündəmdə saxlamağa davam edəcəyik...
Mənbə:> Meydan TV