“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik edildi
Milli Məclisdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. Bu barədə Bizimyol.info məlumat yayıb. Qanunun 21-ci (Təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi) maddəsində xarici ölkələrdə təhsil alan tələbələrə möhlət hüququnun verilməsi nəzərdə tutulmuşdu. Dəyişikliyə əsasən, “xarici ölkələrdə” sözləri “Xarici ölkələrin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş təhsil müəssisələri” sözləri ilə əvəz edilir.
Qanun layihəsi barədə məlumat verən Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov bildirdi ki, Qanuna əsasən indiyə qədər xarici ölkələrdə əyani təhsil alanlara ali təhsil pilləsində (bakalavriat), tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək təhsili davam etdirmək üçün bir dəfə möhlət verilib. Lakin xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara möhlət verilməsi çağırışdan yayınma ilə bağlı hallara yol açıb. Sonradan Təhsil Nazirliyi bəzi belə şəxslərin xaricdəki bir sıra ali məktəblərdən aldıqları diplomları tanımaqdan imtina edib: “Qanun bu sahədəki çatışmazlığı aradan qaldırmaq üçün hazırlanıb”.
Qanuna dəyişikliyin zəruri olduğunu bildirən spiker Oqtay Əsədov da hərbi xidmətdən yayınma hallarına diqqət yetirməyin zəruri olduğunu vurğulayıb: “Hərbi vəziyyətdə olan bəzi ölkələrdə qadınları da hərbi xidmətə cəlb edirlər. Ancaq bizdə qanundakı bu boşluqdan yararlanaraq hərbi xidmətdən yayınanlar var. 5 minə yaxın tələbə lazımsız təhsillə, diplom almaqla məşğul olub. 1200 magistrə də möhlət hüququ veriləndən sonra hansı vəziyyətin yaranacağını təsəvvür etmək çətin deyil. Ona görə də lazımsız təhsillə, diplom almaqla məşğul olmağın qarşısı alınmalıdır”.
Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
Mənbə:> Bizimyol.info