Qadınlar hərbi bilet alacaq
"Hərbi vəzifə və hərbi xidmət haqqında” qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsində qadınlarla bağlı məsələ də öz öz əksini tapıb. ANS PRESS-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən sənəddə göstərilib ki, Azərbaycanda öz razılığı ilə hərbi qeydiyyata götürülmüş 19 yaşdan 40 yaşadək qadınlara və ehtiyatda olan zabitlərə hərbi bilet veriləcək.
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, qanuna təklif olunan dəyişikliklər hərbi uçot və qeydiyyatın daha da təkmilləşdirilməsi məqsədi daşıyır.
Onun sözlərinə görə, yeni qanun hərbi qeydiyyata götürülməli olmayanlar, həmçinin dinc dövrdə və müharibə dövründə həqiqi hərbi xidmətə yarasız hesab edilənlər barədə müddəaları da özündə ehtiva edir.
Qanuna əlavə edilən 28.6-cı maddəyə görə isə müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlara, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına, çağırış komissiyasının qərarı ilə çağırışdan azad edilib ehtiyata keçirilmiş, həm dinc dövrdə, həm də müharibə dövründə həqiqi hərbi xidmətə yarasız hesab edilmiş vətəndaşlara, öz razılığı ilə hərbi qeydiyyata götürülmüş 19 yaşdan 40 yaşadək qadınlara və ehtiyatda olan zabitlərə hərbi bilet verilir.
Müzakirələrin yekununda qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
Mənbə:> ANSPRESS