Dilçilik İnstitutunun dilə hücumu hiddət doğurdu: “Elə bil dilimizin qəsdinə durublar...”
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun hazırladığı yeni “Azərbaycan dilinin orfoqrafiya qaydaları” sosial şəbəkələrdə və aparıcı KİV-də istehza və tənqid doğurub. Virtualaz.org xəbər verir ki, sosial şəbəkə istifadəçiləri uzun zamandır müzakirə olunan və ciddi məntiqi əsası olmayan dəyişiklikləri “şou-linqvistika” adlandırırlar.
Məsələn, indiyə qədər “əsgər” kimi yazdığımız sözü bundan sonra “əskər”, “alqı-satqı”nı “alğı-satqı”, qoşa “s” samiti ilə yazılan sözləri bir “s” ilə yazmalıyıq. Qadağalar bununla bitmir, Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu "Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndən 10 minə yaxın sözün çıxarılma ehtimalı olduğunu deyib.
Nağısoylu və linqşou
Bu məsələ ətrafında müzakirələrə qoşulanlar dilin zənginləşməsinin süni yolla, qadağalarla, dildən sözləri çıxarmaqla deyil, daha çox bədii əsərlər və mətbuat, o cümlədən televiziyalar vasitəsilə mümkün olduğunu bildirirlər. Dil özü özünü təmizlədiyindən süni təmizləmə ancaq dili çətinləşdirə və məhv edə bilər.
“Vallah heç Nasdaq birjasında o qədər sürətli dəyişiklik getmir, nəinki dilçiliyimizdə. Həm də, dərindən düşünündə anlayırsan ki, yeniliklərin heç bir məntiqi dəyəri yoxdur. Özünü mütəxəssis adlandıran bir qrup adam “linqşou” yaradır, vəssalam. İşləri yoxdur da bəxtəvərlərin...”, - deyə Leyla İmaməliyeva adlı “Facebook” istifadəçisi bildirir.
“Statistika Komitəsi hər il uşaqlara daha çox hansı adların qoyulduğunu açıqlamağa borcludur? Və yaxud Dilçilik İnstititu həftə səkkiz, mən doqquz söz dəyişib camaatın olan qalan mütaliə mədəniyyətini məhv eləməkdən nə zövq alır? Sizə elə gəlmirmi bu iki qurum sanki “Facebook”dakılara mövzu vermək üçün çalışır?”, - bunu Naibə Qurbanova adlı istifadəçi yazır.
Hər yerindən duran bu millətin başında dəlləklik edir
Milli Məclisin deputatı Aqil Abbas da Dilçilik İnstitutunun məlum düzəlişlərini sərt tənqid edib. O, virtualaz.org-a açıqlamasında bildirib ki, dildə bu qədər cərrahiyyə əməliyyatı aparmaq olmaz. Dil canlı orqanizmdir, xoşu gələn sözləri saxlayacaq, zir-zibili kənara atacaq. Deputat hesab edir ki, Dilçilik İnstitutunun bu dəyişiklikləri ən çox orta məktəbdə şagirdlər üçün çətinliklər törədəcək.
“Cəmi bircə əsrin içində çoxları bu millətin başında dəlləklik edib. Adını dəyişiblər, dörd dəfə əlifbasını dəyişiblər. Bu əlifba dəyişiklikləri ilə də milləti kökündən qoparıblar. Millət dirçəlib özünə gələndən sonra 92-ci ildə həm Türkiyə ilə daha yaxından bağlanmaq üçün, həm də Avropaya çıxmaq üçün yenidən latın əlifbasına qayıtdıq. Burda da bir dəlləklik elədilər. İndi də ana dilimizlə oynayırıq, yeni sözlər qayırırıq. Nə bilim, ipəzor, ipəsox, dilə yatmayan sözləri dilimizə soxuruq. Guya alınma sözləri tərcümə edirik”-Aqil Abbas deyir.
Prezident İlham Əliyev dilin başına oyun açılmasını tapşırmayıb ki?
Deputat bildirib ki, prezident İlham Əliyev Azərbaycan dilinin inkişaf etdirilməsi ilə bağlı sərəncam verib, başına oyun açılması ilə bağlı yox: “Akademiyanın alimləri elə bil dilimizin qəsdinə durublar. İndi də yeni bir Orfoqrafiya lüğəti tərtib edirlər, məsələn, «qəşəng» sözü «qəşənk» yazılmalıymış. Niyə, «k» ilə yazanda hamımız qəşənk olacağıq? Orta məktəblərimizdə müəllimlərimiz «qəşəng» sözünü uşaqlara heç «qəşəng» kimi öyrədə bilmirlər, bir imla yazdırsaq, 80 faizində yüz orfoqrafik səhv taparıq. İndi də «qəşənk» yazmağı öyrədəcəyik”.
Aqil Abbas həmçinin Dilçilik İnstitutunun alimlərinə Vaqifi, Süleyman Rəhimovu, Səməd Vurğunu və digər ədibləri təzədən oxumağı məsləhət görüb. Onun sözlərinə görə, əgər İnstitutda oturanlar bu ədibləri oxusalar o zaman yaddan çıxan nə qədər təmiz Azərbaycan sözü tapa bilərlər və yeni sözlər yaratmağa da ehtiyac qalmaz.
Tanınmış media eksperti, filologiya elmləri doktoru Qulu Məhərrəmli də virtualaz.org-a açıqlanmasında orfoqrafiya lüğətində nəzərdə tutulan dəyişikliklərdən heyrətləndiyini bildirib. Onun sözlərinə görə, dil canlı prosesdir, orada daim yenilənmə gedir, sözlər gəlir, yaşayır və çıxır. Bu dilin təbiətidir, bu dəyişmədə konkret prinsip yoxdur.
“Bu dəyişikliklər məni heyrətləndirdi...”
“Dilçilik İnstitutunun son təklifləri məni xeyli heyrətləndirib. Birdən-birə bu qədər qayda dəyişikliyi etmək dil istifadəçiləri üçün xeyli problem yaradır. Sual ortaya çıxır ki, bu dəyişiklikləri etmək nə dərəcədə vacib və aktualdır? Mən hesab edirəm ki, dildə bu qədər dəyişiklik etmək zamanı deyil, dil buna material vermir"-Qulu Məhərrəmli deyib.
Onun fikrincə, sözlərin yazılışı, deyilişi, alınma sözlər, başqa dildəki sözlərin qarşılığının tapılmasıyla bağlı dildə proses getməlidir. Amma indiki halda, çox qısa müddətdə dil materialları üzərində dəyişikliklər aparıb orfoqrafiya qaydalarını dəyişdirmək ağılasığmaz vəziyyət yaradır .
"Dildə ildə 1-2 söz dəyişmək olar. Dildə dəyişikliklər qorxulu deyil, amma bu dəyişmədə konkret vahid prinsip yoxdur. Hansı dil qanunauyğunluğu ilə dəyişirik, hansı dil qanunları bizi buna məcbur edir? Mən bu dəyişikliklərin tərəfdarı deyiləm”-həmsöhbətimiz deyir.
“Asker”, “əskər”, yoxsa bu hoqqanı çıxaranı tutub basalar qoca vaxtında əsgərliyə?
Q. Məhərrəmli deyir ki, məsələn, “əsgər” sözünü “əskər” kimi yazmağı mənbə dildəki variantla əlaqələndirirlər. Amma bu söz dilimizə ərəb dilindən keçib və həmin dildə “askər”dir. Əgər mənbə dilə istinad ediriksə, o zaman bu söz “askər” yazılmalıdır. Mütəxəssis deyir ki, belə əsassız yanaşmalar qarışıqlıq yaradacaq.
“Mədəniyyət, ədəbiyyat və digər sözlərdə iki “y”dan imtina olunur. “Y” kimə mane olur? Fransız dilində, ingilis dilində elə sözlər var ki, sonlarında 3-4 hərf yazılmır. O məntiqlə fransız dil mütəxəssisləri dildəki həmin hərfləri atmalıdırlar? Bu cür yanaşmalar elmi yanaşma deyil və məncə bu kiminsə dil haqqında yanlış təsəvvürlərindən qaynaqlanıb. Buna çox ağılla, düşüncə ilə yanaşma lazımdır”, -deyə Q. Məhərrəmli bildirir.
Dilin taleyini Dilçilik İnstitutunda oturub bekarçılıqdan hoqqa çıxaranlara tapşırmaq olmaz
Ekspert deyir ki, ziyalılar, dilçilər bu məsələyə biganə qalmamalı, həyəcan təbili çalmalıdırlar: “Dil ümumxalq sərvətidir, ona görə də, bu dilin taleyini təkcə Dilçilik İnstitutuna tapşırmaq olmaz. Burada tərcümə mərkəzləri, orta məktəblərin dil və ədəbiyyat müəllimləri, ali məktəblərdə fəaliyyət göstərən dilçi mütəxəssislər, praktik dillə məşğul olan media qurumları, nəşriyyatlar fəal iştirak etməli, öz sözlərini deməlidirlər. Çünki onlar dəyişiklikləri, ağrıları daha çox öz canlarında hiss edəcəklər. Bizə bir neçə nəfər müraciət edib, biz düşünürük ki, həyəcan təbili çalaq. Mən öz mövqeyimi demişəm. Dilçilik İnstitutunda da bu tendensiyanın əleyhinə olan insanlar var. Bu qətiyyən şəxsi xarakter ala bilməz. Biz dilimizin maraqlarından çıxış edirik. Biz bu məsələyə biganə qalmamalıyıq”.
Xatırladaq ki, yeni orfoqrafiya qaydalarının yanvar ayının sonunadək müzakirə olunması nəzərdə tutulub. Yanvarın sonunda artıq müzakirələr dayanacaq və fevral ayında yekun qərar açıqlanacaq, qaydalar təsdiq olunmaq üçün Nazirlər Kabinetinə göndəriləcək.
Mənbə:> Virtualaz.org