Biabırçı səhvlərlə dolu orfoqrafiya lüğəti yenidən işlənəcək
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda akademik Tofiq Hacıyevin rəhbərliyi ilə “Orfoqrafiya Komissiyası”nın iclası keçirilib.
AMEA-dan verilən məlumata görə, iclasda son günlər orfoqrafiya lüğəti ilə bağlı mətbuatda gedən məsələlər müzakirə olunub. Dilçilik İnstitutunun direktoru akademik T.Hacıyev bildirib ki, hər bir xalqın yazısında, dil mədəniyyətinin inkişafında orfoqrafiya qaydaları mühüm rol oynayır. Bu baxımdan mətbuatda lüğətin bəzi qaydalarının mübahisə obyektinə çevrilməsi təbiidir.
İclasda vurğulanıb ki, orfoqrafiya lüğətinin yenidən işlənməsi, verilmiş təkliflərin qiymətləndirilməsi, nöqsanların aradan qaldırılması üçün komissiya öz səylərini artırmalıdır. Toplantıda çıxış edən komissiya üzvləri, o cümlədən mövcud lüğətin redaktoru professor İsmayıl Məmmədov bildirib ki, indiki sözlük 110 min leksik vahidi əhatə edir. Yeni nəşrdə süni yolla yaradılmış sözlərin bir qismi lüğətdən çıxarılacaq.
Qeyd edək ki, orfoqrafiya lüğətinin 6-cı nəşri 2013-cü ildə çap olunub. Tofiq Hacıyev isə Dilçilik İnstitutunun direktoru vəzifəsinə 2014-cü ildə təyin edilib. Bundan sonra lüğətdəki qüsurları aradan qaldırmaq üçün xüsusi komissiya yaradılıb.
Mənbə:> Virtualaz.org