Dilçilik İnstitutunun adını dəyişib “Bekarçılıq İnstitutu” qoyacaqlar?
Neçə gündür ki, AMEA-nın Dilçilik İnstitutunun yeni “Azərbaycan dilinin orfoqrafiya qaydaları” hazırladığı barədə xəbərlər informasiya agentliklərinin lentlərini və saytları “bəzəməkdədir”. Mövzu qıtlığından və müxətlif dövlət idarələrinin hazır press-relizlərini yaymaqdan başqa ayrı iş-gücü olmadığından bekarçılıqdan əziyyət çəkən KİV-lər hər gün bu lüğətdən hansısa sözün yazılışının necə dəyişdirildiyinə dair “səs-küylü xəbərlər” yayırlar.
Məsələn, məlum olur ki, dilşünaslar “baş nazir” sözünü bundan sonra “Baş nazir” kimi yazmağı əmr edirlər. Yaxud Dilçilik İnstitutunda oturan alim yoldaşların kəşf etdikləri kimi “allah” sözü də “Allah” kimi yazılmalıdır. (Əks halda göydən daş yağa biləcəyi barədə yeni qaydalarda hansısa xəbərdarlığın yer alıb-almadığı hələ məlum deyil).
Bu hörmətli alim yoldaşların yeni kəşfinə əsasən “əsgər” sözü də indiyə qədər düz yazılmırmış. Və bu sözü əslində “əskər” kimi yazmaq lazım imiş. Yaxud “alqı-satqı” sözünü “alğı-satqı” kimi yazmamaqla indiyə qədər azərbaycan dilinin inkişafına böyük zərbə vurulduğu da Dilçilik İnstitutunda oturan alim yoldaşlar tərəfindən kəşf edilib ortaya çıxarılmışdır.
Nəhayət bu əhəmiyyətli tarixi kəşfin müəlliflərinin izinə düşən jurnalistlər onların başçısını–AMEA Dilçilik İnstitutunun direktoru, akademik rütbəli Möhsün Nağısoylunu yaxalaya biliblər. Nağısoylu dilçilik elmində bu tarixi kəşfi izah edərək deyib ki, institutun Orfoqrafiya Komissiyası “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsini “Söz necə deyilir, o cür də yazılsın”, yəni “Fonetik” prinsipə əsaslanaraq hazırlayıb.
O, nümunə göstərərək bildirib ki, ərəb dilindən alınan “iyyat”, “iyyət”, “iyyə” şəkilçisindən istifadə olunan sözlər bir “y” ilə tələffüz olunur: “Məsələn, “ədəbiyyat”, “üslubiyyət”, “məşğuliyyət” və s... Biz bu sözləri bir “y” ilə tələffüz edirik. Yeni layihədə olan təkliflər qəbul olunarsa, bu, həm də indiyə qədər mövcud olan qarışıqlıqları aradan qaldıracaq. Belə ki, bəzi sözlər iki “y” ilə, bəziləri isə bir “y” ilə yazılır. Məsələn, “mədhiyyə”, “ehtiyyat” iki, “mərsiyə”, “cəfəngiyat” isə bir “y” ilə yazılır, amma çox yerdə, elə ədəbiyyatlarda da bu qarışdırılır. Biz də bu qarışıqlığı aradan qaldırmaq üçün təklif edirik ki, belə sözlərin hamısı bir “y” ilə yazılsa daha yaxşı olar”.
“Fonetik prinsipə keçilməsinin bir məqsədi də dilimizin, imlamızın türk dilləri ilə ortaqlaşmasıdır. Məsələn, türklər ancaq fonetik prinsipə əsaslanır. Biz də istəyirik ki, heç olmasa əlifba məsələsində yaxınlaşmaya nail olaq. Hazırda bütün dünyada çalışırlar ki, sözlərin tələffüzü ilə yazılış forması arasında çox fərq olmasın”, - deyə, M.Nağısoylu əlavə edib.
Qeyd etmək lazımdır ki, Azərbaycan dilinin qrammatik və orfoqrafik qaydalarında az qala hər ilin hər kvartalında dəyişiklik edilir. Nəticədə azərbaycan dilini öyrənmək indi orta məktəbdə oxuyan azərbaycanlı uşaqlar üçün fransız dilini öyrənməkdən də çətin iş olub. Axı bu sürətli dəyişikliklərə necə alışasan? Bir halda ki, Dilçilik İnstitutunun alimləri gecə-gündüz elmi kəşflər etməkdədir və bu kəşflərlə dilin anasını ağlatmaqdadır?
Dəyişikliklər demişkən, bəlkə Dilçilik İnstitutunun da adını dəyişib Bekarçılıq İnstitutu qoysunlar? Axı bu institutda oturan alim yoldaşlar deyəsən bekarçılıqdan çox əziyyət çəkirlər və nəticədə onların beyninə hər kvartalda bir dəfə dilin qayda-qanunlarını təzədən oturub yazmaq kimi ideyalar daxil olur.
Mənbə:> Virtualaz.org