“Azərbaycanda dini radikalizmin meyllərinin yayılmasında xarici ölkələrdə təhsilin də rolu var”
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində “Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda konfrans keçirilib.
Virtualaz.org xəbər verir ki, konfrans DTX, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu,Təhsil Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub.
DTX-nın rəisi, general-leytenant Mədət Quliyev bildirib ki, son dövrlər Azərbaycana yaxın ərazilərdə, habelə Mərkəzi Asiya, İraq, Suriya, Əfqanıstan və Türkiyədə dini radikalizm geniş vüsət alıb. Azərbaycanda gənclərin dini ekstremizm, radikalizm və terrorizmdən uzaq olmaları üçün uşaq bağçalarında, məktəblərdə, cəmiyyət üzvləri geniş maarifləndirmə işi aparılmalıdır.
O qeyd edib ki, bu gün “İŞİD”, “Əl-Qaidə” kimi terror təşkilatları qlobal sülhə böyük təhlükə yaradırlar: “Mürəkkəb geosiyasi məkanda yerləşən Azərbaycan Cənubi Qafqazda ən sabit ölkədir”.
Konfransda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şöbə rəisi Suad Mahmudov çıxış edərək bildirib ki, 2012-ci ildən etibarən Azərbaycan vətəndaşları Türkiyədə iş axtarmaq və s. bəhanələrlə Türkiyədən Suriyaya keçərək orada terror qruplaşmalarına qoşulublar.
“Son yarım ildə Bakı, Sumqayıt və Qusarda həyata keçirilən əməliyyatlar zamanı müqavimət göstərən 9 ekstremist zərərsizləşdirilib, 4 ekstremist isə həbs edilib”, - deyə S. Mahmudov bildirib.
S. Mahmudov qeyd edib ki, Azərbaycan vətəndaşlarının əksəriyyəti Suriyada əsasən “İŞİD” terror təşkilatına qoşulmağa üstünlük verib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov konfransda çıxış edərək bildirib ki, Azərbaycanda dini radikalizmin meyllərinin yayılmasında xarici ölkələrdə təhsilin də rolu var. Xaricdə dini təhsil alan şəxslər yad ideoloqların təsirini alında düşür və ölkəyə qayıtdıqdan sonra həmin ideologiyanın təbliğatçısına çevrilirlər.
O qeyd edib ki, bu gün dövlət səviyyəsində dini radikalizmə qarşı mühüm addımlar atılır: “Dini radikal qrupların mahiyyəti, məqsədləri bizə məlumdur. Dini radikalların əsas hədəfinin gənclər olmasını da bilirik. Bütün bunlara qarşı dövlət orqanları tərəfindən adekvat addımlar atılır”.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev gənclərə dövlət qayğısı barədə ətraflı məlumat verib.
Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, millət vəkili Fuad Muradov və başqaları da çıxış ediblər.
Sonda konfrans iştirakçıları adından Azərbaycan prezidenti İlham Əliyevə müraciət qəbul olunub. Müraciətdə prezident İlham Əliyevin apardığı siyasətin ölkəni sabit məkana çevirdiyi bildirilib. Qeyd olunub ki, Azərbaycanda yad ölkələrin məkrli niyyətləri həyata keçə bilməz. Azərbaycan gəncləri Prezident İlham Əliyevin ətrafında sıx birləşməlidir.
“Rüspublika daha müasr idarəçiliyə qoşulub. Bu işlər dövlətin parçalanmasına yol vermir. Azərbaycanın Birinci vitse-prezidenti gənclər siyasəti sahəsində mühüm işlər görüb. Mehriban xanım Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin edilməsi mühüm addımdır. Biz Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasəti dəstəkləyirik”.
Mənbə:> Virtualaz.org