İlham Əliyevdən “Dini ekstremizmə qarşı mübarizə haqqında” FƏRMAN
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Dini ekstremizmə qarşı mübarizə haqqında” Qanunun qüvvəyə minməsi ilə əlaqədar onun tətbiqi barədə Fərman imzalayıb.
Oxu.Az-ın məlumatına görə, “Dini ekstremizmə qarşı mübarizə haqqında” Qanunda bildirilir ki, Azərbaycanda dini ekstremizmə qarşı mübarizənin məqsədləri ölkənin konstitusiya quruluşunun əsaslarının, habelə ərazi bütövlüyünün və təhlükəsizliyin təmin edilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi, dini ekstremist fəaliyyətin aşkar edilməsi, qarşısının alınması və dini ekstremizm nəticəsində gözlənilən zərərin minimuma endirilməsi, dini ekstremizmin yaranması və dini ekstremist fəaliyyətin həyata keçirilməsi səbəblərinin və şəraitinin, habelə dini ekstremizmin maliyyələşdirilməsi hallarının aşkar və ləğv edilməsidir.
Dini ekstremizmə qarşı mübarizənin əsas prinsipləri qanunçuluğun təmin edilməsi, dini ekstremizmə görə cəzanın labüdlüyü, dini ekstremizmə qarşı mübarizə zamanı açıq və gizli metodların əlaqələndirilməsi, hüquqi, siyasi, ideoloji, sosial-iqtisadi və təşkilati profilaktik tədbirlərdən kompleks istifadə, dini ekstremizm nəticəsində təhlükəyə məruz qalmış şəxslərin hüquqlarının müdafiəsinin üstünlüyü, dini ekstremizm əleyhinə aparılan əməliyyatların həyata keçirilməsində iştirak edən şəxsi heyətin, o cümlədən bu məqsədlə istifadə edilən texniki üsulların və taktikanın elan edilməsində minimal aşkarlıqdır.
Qanuna görə, dini ekstremizm əleyhinə xüsusi əməliyyatlar müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Dini ekstremizm əleyhinə xüsusi əməliyyatların aparılması üçün dini ekstremizmə qarşı mübarizədə iştirak edən müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan lazımi qüvvələrdən və vasitələrdən istifadə olunur.
Qeyd edilir ki, dini ekstremist fəaliyyətdə iştirak edən şəxslər Azərbaycan Respublikasının Cinayət, İnzibati Xətalar və Mülki məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Qanuna görə, dini ekstremist fəaliyyətlə məşğul olan hüquqi şəxslər ləğv edilir və onların fəaliyyəti qadağan olunur.
Mənbə:> Oxu.Az