Mübariz Qurbanlı: Ölkəmizdə dini radikalizmin sosial bazası yoxdur
Milli mənəvi dəyərlərimizin tərkib hissəsi olan, o cümlədən ölkə əhalisinin əksəriyyətinin etiqad etdiyi İslam dini və mədəniyyətinin təbliği prioritet məsələlərdəndir. Azərbaycan dünyaya inteqrasiya edən ölkədir, amma bununla yanaşı, biz öz milli mənəvi dəyərlərimizi də qoruyuruq. Hazırda dünyada İslam dinini radikalizmə sürükləmə meyilləri artmaqdadır. Çünki İslam dini haqqında yanlış məlumatlar insanların düşüncələrində mənfi fikir yaradır. Buna görə də dini maarifləndirmə işinə daha diqqətli yanaşılmalı, bu sahədə görülən işlər davam etdirilməlidir.
Oxu.Az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbəri Mübariz Qurbanlı Mingəçevirdə “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfransda çıxışı zamanı bildirib.
Dövlət Komitəsinin hüquq mühafizə orqanları ilə birgə həyata keçirdiyi tədbirləri xüsusi vurğulayan Mübariz Qurbanlı radikalizmin qarşısının alınmasında bu tədbirlərin böyük əhəmiyyəti olduğunu diqqətə çatdırıb. O bildirib ki, ölkəmizdə dini radikalizmin sosial bazası yoxdur.
“Həyata keçirilən tədbirlər nəticəsində radikalizmə meyilli qrupların iqtisadi və ideoloji əsasları tamamilə iflasa uğrayıb. Radikalizmlə mübarizədə Dövlət Komitəsi cəmiyyətin bütün strukturları, o cümlədən qeyri-hökumət təşkilatları və ictimai birliklərlə birgə bir sıra layihələr həyata keçirir” - deyə, Komitə sədri qeyd edib.
Komitə sədri qeyd edib ki, biz milli mənəvi, dini adət-ənənələrimizi, tolerantlıq mühitimizi qorumalı və yaşatmalıyıq.
Mənbə:> Oxu.Az