Yeni qayda müəllimləri istismar edir » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Təhsil

Yeni qayda müəllimləri istismar edir – TƏHSİL EKSPERTLƏRİNİN RƏYİ

Yeni qayda müəllimləri istismar edir



Saytımıza Sabunçu rayonundakı orta məktəblərdən birindən belə məlumat daxil olub ki, Bakı şəhər Təhsil İdarəsindən (BŞTİ) verilən proqram əsasında orta məktəblərdə Azərbaycan dili və riyaziyyat fənnindən hər fənn üzrə əlavə 90 saatlıq dərs tədris edilir. Amma bununla əlaqədar müəllimlərə əlavə ödəniş edilmir. Məlumata görə, BŞTİ müəllimlər üzərində aparılan bu eksperimentə reaksiyanı öyrənmək üçün tez-tez məktəblərlə əlaqə saxlayır. Haqqı ödənilməyən əməyə təhrik edilmək isə müəllimlər arasında ciddi narazılıq yaradıb.
Sumqayıt şəhər təhsil şöbəsinin tabeliyində olan məktəblərdən birində riyaziyyat fənnini tədris edən müəllim hesab edir ki, bu addım onsuz da sosial məngənədən sıxılan təhsil işçilərinin istismarıdır. Onun sözlərinə görə, məktəbin Pedaqoji Şurasının iclasında direktor Azərbaycan dili və Riyaziyyat fənn müəllimlərinə bildirib ki, buraxılış və monitorinq imtahanlarının nəticələri əksər hallarda qənaətbəxş olmur. Ona görə də Təhsil Nazirliyi biliyi zəif şagirdlərin məktəblərdə hazırlaşdırılması tələbini qoyub, bu isə müəllimlərdən əlavə zəhmət tələb edir: “Bu ilin fevralından təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının 10 faizədək artırılması sərəncamı biz müəllimlərə aid deyil. Diaqnostik bilik qiymətləndirilməsindən keçən müəllimlərin əksəriyyətinin əməkhaqqı artımı 24-25 faizidir. Sınaq qiymətləndirməsindən keçən müəllimin bir akladı 12 saatdan 18 saata qaldırıldı. Amma çox az müəllimə 18 saat dərs verilir. Çünki elə məktəblər var ki, müxtəlif fənnlər üzrə müəllimləri çoxdur, onlar da işlərini itirməmək üçün 8, 9 saat dərsə qane olmağa məcburdur. Bu isə əksər müəllimlərin əməkhaqqında cüzi artım deməkdir. Belə olan şəraitdə yeni qayda repetitorluq etməyə məcbur olan müəllimin əlavə qazancına da mane olur. Ona görə də şagirdlərlə ödənişsiz məşğul olmağı onsuz da cüzi əməkhaqqı alan müəllimlərin istismarı hesab edirəm. Görəsən, təhsil yetkililərini düşündürmür ki, bunca sıxıntıya biz nə qədər davam gətirəcəyik?”
Yeni qayda müəllimləri istismar edir – TƏHSİL EKSPERTLƏRİNİN RƏYİSabunçu rayonu 96 nömrəli tam orta məktəbin direktoru Əminə Hüseynovanın bildirdiyinə görə, Bakı şəhərindəki məktəblərin rəhbərlərinə tapşırılıb ki, 5-9-cu siniflərdə Riyaziyyat və Ana dili fənlərindən müəllimlər zəif bilikli şagirdlərlə əlavə məşğul olsunlar. Direktor hesab edir ki, buna görə müəllimlər narazılıq etməməlidir: “Rəhbərlik onlara elə şərait yaradıb ki, hər fənn üzrə 90 saatlıq əlavə hazırlıq proqramı münasib vaxtla bölüşdürülüb. Bədən tərbiyəsi və bu kimi fənlərin yerinə müəllimlər həftədə iki dəfə şagirdlərlə əlavə məşğul olur. Doğrudur, əlavə hazırlıqdan şagirdlər bir qədər yüklənir, amma nəticə qənaətbəxşdir. Buna görə valideyn də heç bir ödəniş etmir. Hazırda vəziyyət elədir ki, əksər müəllimlər meylini evdə hazırlığa verir. Bu addım həm ən zəif şagirdlərin bilik səviyyəsini artırır, həm də müəllimləri məktəbə bağlayır”.
Belə bir proqramın tətbiq olunmasına və müəllimlərin narazılığına səbəb nədir?
BŞTİ-nin İctimaiyyətlə əlaqələr sektorundan sorğumuza belə cavab verildi ki, Azərbaycan dili və Riyaziyyat fənlərindən “2” qiymət alan şagirdlər üçün nazirlik minimum proqram hazırlayıb və bütün məktəblərə göndərib. Proqram əsasən 5-9- cu siniflərin proqram materilallarını əhatə edir: “Bu məcburi deyil, məktəbə kömək məqsədi ilə hazırlanıb. Xüsusilə riskdə olan məktəblərin rəhbərlərinə göstəriş verilib ki, nəticələri çox aşağı olan uşaqlarla əlavə məşğul olmaq planlaşdırıla bilər. Bu proqramın tədrisi ilə bağlı heç bir əlavə ödəniş verilmir. Məktəb rəhbərliyi əsasən proqramı dərsdən sonra həyata keçirməlidir”.
Təhsil ekspertləri isə çıxış yolunu bunda görmürlər.
Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev hesab edir ki, orta məktəblər nəzarətsiz buraxılıb və təhsildə sistemsizlik yaranıb. Onun fikrincə, “son yenilik” də dərs cədvəlinə müdaxilə və heç bir faydası olmayan ziyankarlıqdır: “Müəllimlərin diaqnostik qiymətləndirilməsi zamanı çox biabırçı nəticələr ortaya çıxdı. Məlum oldu ki, əksər müəllimlər Azərbaycan dilini normal bilmir. Bunun da kökü ibtidai sinifdən başlayır. Vaxtilə ibtidai siniflərdə mətni köçürmə, imla, ifadə yazılar vardı. İndi yenilik adı altında zəngin olan təcrübələr unudulub. Şagirdlər arasında kütləvi savadsızlıq yaranıb. 50 şagirdə imla yazdırsan, 45-də səhv aşkar olunar. Riyaziyyat fənnində də eləcə. Bunun çarəsi orta məktəblərdə bu fənlərdən dərs deyən müəllimlərə metodik işi mükəmməl şəkildə öyrətməkdədir. Orta məktəblərdə tədrisin səviyyəsi yüksəldilməlidir, orta məktəb tam nəzarətsizdir. Yaxşı məktəb və yaxşı müəllimlərimiz, əlbəttə var. Söhbət çoxluqdan gedir. Təhsil sistemini idarə edilməsində pedaqoji, elmi əsaslar diqqətdə deyil. Təhsil Problemləri İnstitutu da metodiki iş görmür. Qazanc məqsədilə təlim keçilib hər müəllimdən, hər uşaqdan 50-100 manat qoparmaqla təhsili inkişaf etdirmək olmaz. Maaşı az olan müəllimlərdən pul qoparırlar”.
Hazırda təhsil sahəsinin eksperiment mərkəzinə çevrildiyini bildirən Əjdər Ağayevim sözlərinə görə, təhsil sitemi pedaqoji yanaşmalar tələb edir ki, pedaqoji iş isə zəngin təcrübyə əsaslanmalıdı: “Müəllim yüklənir, şagird yüklənir. Məktəblərin bir çoxunda bədən tərbiyəsi keçilmir. Bədən tərbiyəsi fənnin fizioloji əsası var, elm bunu sübut edib. Təhsili orta məktəblərin ibtidai sinfindən güclü təlimlərlə başlamaq, bacaranı işlətmək, bacarmayanı, rüşvətxoru çıxarıb atmaq lazımdı. Təhsildə aləmi bir-birinə qarışdırıblar. Ona görə mən bu cür tədbirləri məqbul hesab etmirəm”.
Tanınmış təhsil eksperti Nadir İsrafilov isə bildirir ki, sovetlər dönəmində də zəif oxuyan şagirdlərlə bu cür təlim aparılırdı, amma ödənişli: “Müəllimin dərsi 12 saat idisə, bu o demək deyildi ki, müəllim 6 günə gündə 2 saat dərsini deyib, getməlidi, müəllim dərsdən çıxandan sonra zəif şagirdlərlə məşğul olurdu. Müəllimlərin hazırda məktəbdə iş gününün mexanizmi yoxdur. Vaxtilə məktəblərdə orta məktəbdə oxuyanda fakültətiv və fərdi məşğələlər keçirlirdi. Müəllim o saatın pulunu alırdı. İndi onu maraq üzrə kurslar ediblər və bunlar formal xarakter daşıyır, keçilmir. Dərnəklərin də eləcə quru adı qalıb”.
Ekspert hesab edir ki, bu proses müəllimlərin repetitorluq fəaliyyətinin rəsmiləşdirilməsinə doğru gedir. Necə deyərlər, çanaq sonda biçarə valideynlərin başında çatlayacaq, bu xidmətin ödənişi valideynlərdən alınacaq. /Sevil HİLALQIZI, Hurriyyet.az

Mənbə: Yenilik.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *