Azərbaycanda məscidlərdə bayram namazı qılınıb
Ramazan ayının başa çatması ilə əlaqədar məscidlərdə bayram namazı qılınıb.
Oxu.Az xəbər verir ki, Əjdərbəy məscidində saat 8.00-da başlayan namaz Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Hacı Salman Musayevin, Təzəpir məscidində saat 9.00-da başlayan namaz isə QMİ sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərliyi ilə qılınıb.
Daha sonra dindarlar bir-birlərini bayram münasibətlə təbrik ediblər. Yüz minlərlə insan məscidlərə axışaraq namaz qılıb, dualar edib, Allahdan bağışlanmasını diləyiblər.
Qafqaz Müsəlmanları İdarəsindən bildirilənə görə, ölkənin bütün məscidlərində bayram namazları qılınıb, dualar oxunub.
Qeyd edək ki, artıq Azərbaycan prezidenti İlham Əliyev və QMİ sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Mənbə:> Oxu.Az