Mehriban Əliyeva: Ölkəmiz və xalqımızla qürur duyuram
Oyunlar zamanı Azərbaycan yığma komandası, Avropa atletləri və çoxsaylı qonaqlarımıza göstərdikləri dostluq, qonaqpərvərlik və dəstəyə görə dərin minnətdarlığımı bildirirəm.
Müstəqil Azərbaycana yeni qələbələr, Azərbaycan xalqına xoşbəxtlik və əmin-amanlıq arzulayıram.
Oxu.Az xəbər verir ki, bunu Bakı 2015: I Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Bakı 2015: I Avropa Oyunlarının rəsmi bağlanış mərasimindəki çıxışında deyib.
"Əziz dostlar, ilk Avropa Oyunları başa çatır. Bu 17 gün Azərbaycanın tarixində əlamətdar və yaddan çıxmaz günlər oldu. Avropa Oyunlarının ölkəmizdən keçirilməsindən fərəhlənirik, qürur hissi duyuruq ki, Azərbaycan öz üzərinə götürdüyü öhdəliyi cəmi 2,5 il ərzində reallığa çevirdi.
Son 17 gün ərzində biz Avropa dövlətləri arasında birliyin, həmrəyliyin və dostluğun şahidi olduq. Mən oyunlara, atletlərə verdiyi böyük dəstəyə görə Azərbaycan xalqına və Azərbaycan prezidenti İlham Əliyevə dərin minnətdarlığımı bildirmək istəyirəm. Bütün xalq öz atletləri ilə qürur duyur. Onlar 56 medal, o cümlədən 21 qızıl medal qazanmış, ümumi medallar cədvəlində isə 2-ci yeri tutmuşlar", - deyə, Birinci xanım bildirib.
İdmançılara müraciət edən Mehriban Əliyeva bu oyunların onların oyunları olduğunu və nailiyyətlərinin hər kəsi ruhlandırdığını qeyd edib:
"Mən Avropa Oyunlarını qətiyyəti və səyi ilə reallığa çevirən Avropa Olimpiya Komitəsinin sədri Patrik Hikkiyə təşəkkür edirəm. Oyunların təşkilat komitəsinin üzvlərinə və bütün tərəfdaşlarımıza göstərdikləri dəstəyə görə minnətdaram.
Mən gözəl könüllülərimizə minnətdarlıq edirəm. Siz olmadan biz bu tədbiri keçirə bilməzdik. Sizin həvəsiniz və peşəkarlığınız Bakı 2015 ruhunu canlandırmaqda bizə yardımçı oldu.
Ölkəmizin böyük gələcəyi olan bu cür istedadlı gəncləri var. Xarici könüllülərimizə də çox sağ olun deyirik. Siz bütün Avropadan Azərbaycana gəldiniz ki, bu tarixi tədbiri təşkil etməkdə bizə kömək edəsiniz və idman, dostluq festivalının bir hissəsi olasınız.
Azərbaycan öz qollarını və ürəyini Avropaya açdı. Biz köhnə dostlarımızı salamladıq və yenilərini qazandıq.
Bu axşam biz hamınızla sağollaşırıq, lakin sizi Azərbaycanda gələcək tədbirlərdə yenidən görməyə ümid edirik. Gələn il Bakıda 42-ci şahmat olimpiadası və Formula-1 Avropa Qran-pri yarışları keçiriləcək. 2017-ci ildə biz 4-cü İslam Həmrəylik Oyunlarını qəbul edəcəyik. Və nəhayət, 2020-ci ildə futbol üzrə Avropa çempionatının matçları şəhərimizdə təşkil olunacaq.
Bu axşam biz məşəli söndürəcəyik və ilk Avropa Oyunları başa çatacaq. Belə bir idman və dostluq bayramı başa çatdığı zaman mən ölkəmizdən və xalqımızdan böyük qürur duyduğumu bəyan edirəm.
Son 17 gün hər zaman xatirimizdə qalacaq, o, nəsillərə qalacaq. Tariximizin yaddaqalan məqamlarından olacaqdır.
Atletlər sağ olun, dostlar sağ olun, Azərbaycan sağ ol!".
Mənbə:> Oxu.Az