Azərbaycan dünya rekorduna imza atdı
“Bu axşam Avropa idmanı qitəmizin idman potensialının reallaşması yolunda yekun mərhələyə daxil olacaq. İlk Avropa Oyunları artıq reallığa çevrilir”.
ANS PRESS-in məlumatına görə, bunu Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Bakıda birinci Avropa Oyunlarının məşəlinin alovlandırılması mərasimində çıxışı zamanı deyib.
Patrik Hikki deyib: “İki ildən bir qədər çox əvvəl biz böyük məmnunluqla elan etdik ki, Avropa Oyunlarını qəbul edən ölkə “Odlar Yurdu” Azərbaycan olacaq. Ən cəlbedici elementlərdən biri - ölkənizin milli rəmzi olan alov, eyni zamanda, Olimpiya Hərəkatının gücünün və qüdrətinin əsas təcəssümüdür. Məşəlin alovlandırılmasının və estafetin müasir ənənəsinin əsasını qoymuş, qədim idman oyunlarını yaratmış yunan sivilizasiyası odu, alovu müqəddəs sayırdı. Bu axşam biz nadir mərasimimizdə həmin Olimpiya irsinə sadiq qalaraq Atəşgah məbədində Avropa Oyunlarının məşəlini alovlandıraraq məşəli stadiona və “Bakı-2015” Oyunlarının açılış mərasiminə yola salırıq”.
Onun sözlərinə görə, bu, Avropa idmanı üçün həlledici məqamdır: “Həmkarlarım, eləcə də təmsil etdiyim Avropa Olimpiya Komitəsi Sizə göstərdiyiniz yardıma görə olduqca minnətdardır. Çünki biz planlarımızın birgə reallaşmasına doğru yekun addım atırıq. Kamillik, dostluq və hörmət kimi Olimpiya dəyərləri məşəl estafetində aydın şəkildə əks olunur. Məşəlçilər qardaşlıq ruhunda alovlanan məşəli bir-birinə ötürərək idman vasitəsilə sülh, dostluq və təntənə mesajını hər yerə yayırlar.
“Bakı-2015” bütün ölkənizin əməyi və səyləri sayəsində baş tutacaq. Azərbaycan rəhbərliyi ilə işləmək olduqca məmnunluq doğurdu. Sizin peşəkarlığınız və diqqətiniz bizi hər zaman təsirləndirdi. “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri, birinci xanım Mehriban Əliyeva Oyunlara hazırlıq işlərində şəxsən iştirak edərək dəyərli göstəriş və tövsiyələrini vermiş, işə tam sadiqliyini nümayiş etdirmişdir.
Mən Avropa Olimpiya Komitəsinin səmimi minnətdarlığını Prezident İlham Əliyevə və birinci xanıma çatdırmaq istərdim. Təşkilat Komitəsi və “Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsinin peşəkar heyəti planlarımızı reallığa çevirmək üçün 27 ay ərzində yorulmadan çalışıblar. Belə qısa müddət ərzində görülmüş bu qədər işləri hətta ən çılğın arzularımızda təsəvvür edə bilməzdik. Əslində bütün Bakı heyəti hətta Oyunlar başlamazdan öncə dünya rekorduna imza atdı.
Mən gözəl ölkənizi gəzib dolaşan “Bakı-2015” məşəlinin estafetini izləməyi səmimiyyətlə arzulayıram. Çünki bu məşəl çox mühüm ilk Avropa Oyunlarının açılış mərasiminə aparan yolu işıqlandıracaq”.
Mənbə:> ANSPRESS