Axund: Dini kəbin geri oxunmayınca, tərəflər boşanmış sayılmır
Statistika göstərir ki, hər il Azərbaycanda 14 minədək ailə rəsmi olaraq boşanır. Bəs boşanmalar zamanı tərəflər arasında bağlanan dini kəbin də pozulurmu?
AzNews.info-nun məlumatına görə, modern.az saytının bu qəbildən olan suallarını Təzəpir Məscidinin axundu Hacı Faiz cavablandırıb.
Axund bildirib ki, əgər tərəflər rəsmi şəkildə boşanırsa, mütləq dini kəbin də geri oxunmalıdır:
“İslam dinində buna talaq deyilir. Boşanmaq istəyənlər müraciət etdiyi zaman sənəd əsasında kəbini geri oxuyuruq”.
O qeyd edib ki, dini kəbin geri oxunmayınca, tərəflər boşanmış sayılmır.
“Hazırda rəsmi boşanmışların dini kəbini pozdurmaması Azərbaycan üçün ən böyük problemdir. Bir çox insanlar bu barədə məlumatsızdır. Bəzən 5-10 il əvvəl rəsmi boşanmış cütlüklərin dini kəbininin geri oxunmadığının şahidi oluruq. Hətta elə ailələr də var ki, heç dini kəbinləri belə, yoxdur. Bir çox hallarda rəsmi nikah bağlanandan 10-15 gün sonra yolu, vaxtı bəhanə edərək gəlirlər. Amma yaxşı olar ki, kəbin vaxtında kəsilsin.
Həm də cütlüklər ilk nikaha talaq verilməmiş ikinci dəfə ailə qururlarsa, şəriət nöqteyi-nəzərdən bir-birinə haram olurlar. Böyük çoxluq isə bunu bilmir. Mən hesab edirəm ki, rəsmi boşanmanı həyata keçirən orqan tərəfləri bu barədə xəbərdar etməlidir. Ümumiyyətlə, ailə qurulan zaman da yaxşı olar ki, ilk olaraq dini kəbin kəsilsin, sonra rəsmi nikah bağlansın”.
Hacı Faiz bu məsələdə Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı (VVAQ) şöbələrini diqqətli olmağa çağırıb:
“VVAQ şöbələrində çalışanlar əksərən dinlə əlaqəli insanlar olmadığı üçün bu məqamlara diqqət etmədən (rəsmi boşanmış, amma birinci kəbini geri oxunmamış) ikinci dəfə rəsmi nikah bağlayırlar. Tərəflər ailə qurur, toy olur, hətta övladları da dünyaya gəlir. Amma bilmirlər ki, bu zaman kişi və qadın dini baxımdan zina etmiş sayılır. Mən düşünürəm ki, məsələ ilə bağlı VVAQ şöbələrinə tapşırıq verilməlidir ki, insanların halalının haram sayılmasına səbəb olmasınlar. O şəxslər şəriətlə əbədi haram hesab olunur və dində belə şəxslərin ayrılmaları buyurulur”.
Maraqlıdır, kəbin kağızındakı yazı hansı dildə olmalıdır?
“Dua ərəb dilində oxunur, ərəb dilində də yazılır. Dini kəbin olduğu üçün ərəbcə yazılmalıdır. Kəbin kağızında bəy, gəlinin kim olduğu yazıldığından tərəflər nəyə imza atdıqlarını bilirlər”,-deyə axund bildirib.
Yeri gəlmişkən, indiki şəraitdə nişanlı cütlüklərin də dini kəbin kəsdirdiyinin şahidi oluruq. Hacı Faiz bildirib ki, bu müləqdir:
“Şəriətə görə, qızın “hə”si veriləndən sonra dini kəbin kəsilməlidir. Bildiyiniz kimi, müasir zamanda cütlüklər gəzməyə çıxır, bir-birinin evinə gedir. Haramlıq olmasın deyə kəbin mütləqdir”.
Axund bildirib ki, hər gün Təzə Pir Məscidinə boşanmaq üçün müraciət edənlər olur:
“Təzə Pir Məscidinə boşanmaq üçün müraciət edənlər olur. Əsasən rəsmi boşandıqdan sonra müraciət edənlər gəlir. Gün ərzində ən azı bir neçə kəbini geri oxuyuruq. Həm də nəzərə almaq lazımdır ki, talaq yalnız Təzə Pir Məscidində həyata keçirilir, yəni digər məscidlərdə buna icazə yoxdur. Talaq üçün vətəndaşdan heç nə tələb olunmur. Ailə dağılırsa, buna görə hər hansısa məbləğlmaq doğru deyil”.
Mənbə:> Modern.az