Ramazan təqvimi ilə bağlı xəbərdarlıq » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Ramazan təqvimi ilə bağlı xəbərdarlıq

Ramazan təqvimi ilə bağlı xəbərdarlıq


“Qafqaz Müsəlmanları İdarəsinin rəsmi təqvimindən başqa müxtəlif dini təqvimlər çap edərək yayanlar qanunla məsuliyyətə cəlb oluna bilərlər”. ANS PRESS-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov deyib.

O, son günlər müzakirə mövzusu olan müxtəlif “dini təqvim”lərlə bağlı açıqlama verib.

Onun sözlərinə görə, zaman-zaman dindən müəyyən maraqlar üçün istifadə edən bəzi qruplar ölkəmizdəki ənənəvi dini dəyərlərlə uyğunluq təşkil etməyən, dindarlar arasında fikir ayrılığı yaradaraq vəhdət və həmrəyliyə xələl gətirən tədbirlər görməklə öz məkrli məqsədlərinə nail olmaq istəyirlər.

Təcrübə göstərir ki, xüsusilə ölkə əhəmiyyətli tədbirlərin keçirildiyi vaxtlarda ictimai sabitliyi pozmaq üçün bəhanə arayan belə qruplar xüsusilə aktivləşirlər. Bu baxımdan, qarşıdan gələn Ramazan ayında müxtəlif “dini təqvim”lər hazırlayaraq dindar kontingent arasında yayanlar çaşqınlıq yaratmaq məqsədi güdürlər.

"Bununla bağlı qeyd edək ki, ölkə əhalisinin 96%-ni müsəlmanlar təşkil edən Azərbaycan Respublikasında bütün İslam icmaları dini mərkəz kimi Qafqaz Müsəlmanları İdarəsində birləşirlər. Ona görə də mərkəzləri və havadarları xaricdə yerləşən bəzi müsəlman dini qrupların bu və ya digər şəkildə Azərbaycan vətəndaşlarına dini-ideoloji konteksdə müdaxilə etmələri qəbul edilməzdir.

Hər il olduğu kimi, Ramazan ayı öncəsi Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-dini Şurası ölkə ərazisində Ramazan ayının başlanması və bayram günlərinin vaxtı ilə əlaqədar fətva verir, ay boyu icra olunacaq ibadətlərin vaxtları ilə bağlı xüsusi təqvim hazırlayır ki, məhz bu təqvim Azərbaycan ərazisi üçün dəqiq hesablanmışdır. Belə ki, həmin təqvim Qafqaz Müsəlmanları İdarəsi ilə Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanası ilə birgə astronomik hesablamalara uyğun tərtib edilir. Ölkə müsəlmanları ay boyunca bu cədvələ riayət etməlidirlər".

Lakin təəssüf ki, vətəndaşlarımız arasında müxtəlif müsəlman ölkələrində hazırlanan təqvimlərə etibar edənlər də var. Qeyd edək ki, “xarici təqvimlər”də çox vaxt qeyri-dəqiqlik və yerli vaxtla uyğunsuzluq olduğundan dindar vətəndaşlarımız arasında çaşqınlıq yaranır, nəticədə bir sıra xoşagəlməz söz-söhbətlər baş qaldırır.

"Hətta bəzi dindarlar Ramazan bayramını Qafqaz Müsəlmanları İdarəsinin təklifi əsasında dövlətin rəsmi təyin etdiyi gün yox, bu və ya digər təqvimlərə uyğun keçirirlər ki, bu da ölkədəki müsəlmanlar arasında birliyə, həmrəyliyə ciddi zərbə vurur".

Şöbə müdiri qeyd edib ki, müsəlmanların parçalanması, xüsusilə on bir ayın sultanı olan Ramazanda belə halların baş verməsi təkcə təəssüf doğurmur, elə şəri baxımdan da günah sayılır. Uca Yaradan Qurani-Kərimin Ali-İmran surəsinin 103-cü ayəsində buyurur: “Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın!”.

"Ona görə də bir daha vurğulayırıq ki, vətəndaşlarımız Qafqaz Müsəlmanları İdarəsi ilə AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının birlikdə hazırladığı öz təqvimimizdən istifadə etsinlər, mənbəyi məlum olmayan təqvimlərdən uzaq olsunlar. Çünki bu həssas məsələ təkcə dini deyil, elə vahid cəmiyyət kimi milli vəhdətimizin və həmrəyliyimizin vacib təzahürüdür.

Eyni zamanda, xəbərdar edirik ki, Qafqaz Müsəlmanları İdarəsinin rəsmi təqvimindən başqa müxtəlif dini təqvimlər çap edərək yayanlar qanunla məsuliyyətə cəlb oluna bilərlər. Dövlət Komitəsinin müvafiq şöbələri Ramazan ayı boyunca dini ibadət yerlərində müvafiq monitorinqlər aparacaq, dini ayinləri Qafqaz Müsəlmanları İdarəsinin rəsmi təqviminə uyğun icra etməyən icmalar və din xadimləri barəsində hüquqi müstəvidə ciddi ölçü götürüləcək".

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *