Balaxanı qəsəbəsinin yolları təmir edilir – VİDEO
Bakıda daha bir bərbad yolun təmirinə başlanılıb. Bu dəfə Sabunçu rayonunun Balaxanı qəsəbəsinə növbə çatıb. Nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə Balaxanı yolunda orta təmir işləri aparılır.
“Azəryolservis” ASC-dən ANS TV-yə verilən məlumata görə, təmir işləri zamanı mövcud olan yolun deformasiyaya uğramış hərəkət hissəsinin köhnə asfalt-beton örtüyünün aşınma qatı “Frez” maşınları vasitəsilə qaşınaraq, ərazidən daşınır.
Hələlik Balaxanı qəsəbəsinin daxilində bəzi yollara və qəsəbədən çıxan yola asfalt örtüyü döşənib. Yeni asfalt-beton örtüyünün döşənməsi üçün hazırlanan yolun hərəkət hissəsində asfaltlanma işləri görülür.
“Yolların təmir qrafikinə uyğun olaraq, hazırda Balaxanı yolunda da orta təmir işləri aparılır. Belə ki, Balaxanı yolunun asfalt-beton örtüyü dağılmış vəziyyətdə idi. Bu hall nəzərə alınaraq yolda asfalt-beton örtüyü çəkilişi həyata keçirilməyə başlanıb. Qeyd edim ki, orta təmir işləri 6 km-r ərazidə aparılır. Ümumilikdə isə 45 min kvadrat metr sahəyə yeni asfalt-beton örtüyü salınması planlaşdırılır”, – deyə “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.
Balaxanı yolunda hərəkətin intensivliyi nəzərə alınaraq təmir işləri əsasən sutkanın qaranlıq saatlarında aparılır.
Təmir-tikinti işləri tərtib olunmuş qrafikə uyğun həyata keçirilir və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.
Mənbə:> ANSPRESS