“Mənə deyirlər Avropa Oyunlarından sonra səni həbs edəcəyik”
“Məni hədələyirlər ki, Avropa Oyunları bitəndən sonra səni təxribatçı adı ilə həbs edəcəyik. Fırıldağa məruz qaldığıma görə şikayət edirəm, məni təxribat törətməkdə ittiham edirlər”.
Virtualaz.org saytı xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Qazax rayon Xanlıqlar kəndinin bağça müdirəsi Xatirə Əsgərova tərəfindən aldadılan zərərçəkmiş Həmişəyev Yaşar Süleyman oğlu deyib.
Y.Həmişəyev əlindəki sənədlərin rayon prokurorluğunun əməkdaşları tərəfindən alındığını dedi. Bildirdi ki, prokurorluq əməkdaşları onların işinə aydınlıq gətiriləcəyi barədə söz versələr də bu qalmaqallı işdə heç bir irəliləyiş yoxdur.
“Anam Həmişəyeva Nazəndənin adına 3 bankdan - 2500 manat “Zaminbank”dan, 2200 manat “Kapitalbank”dan, 2000 manat isə “Fincabank”dan kredit götürülüb. Anam bağçada müəllimə işləyir və cəmi 160 manat maaş alır. Bütün bu kreditlər həmin 160 manatla verilib. Digər zərərçəkmişlər üçün isə bağça müdirəsi və icra hakimiyyətinin əli ilə saxta sənədlər düzəldilib, onlar bank kreditinə qol çəkib və pulu Xatirə Əsgərova götürüb. İlk 9 ay ərzində kreditin ödənməsində heç bir problem olmadı, ondan sonra krediti ödəmədi və pul bizim adımızda olduğundan bank məcbur elədi ki, ödənişi biz edək” - deyə şikayətçi bildirdi.
Y.Həmişəyev deyir ki, onların xəbəri olmadan keçirilən məhkəmə prosesi və nəticədə qəbul edilən hökmdən sonra anasının maaş aldığı kartdakı pullar hər ay avtomatik olaraq “Kapitalbank”ın hesabına keçir.
Digər banklara gəlincə isə Yaşar Həmişəyev “Zaminbank”dakı borcu, yəni hər ay ödənməli olan 140 manatı Rusiyada işləyib qazandığı pulla ödəyir.
Şikayətçi deyir ki, “Fincabank”a olan borc isə 3 aydır ödənmir: “Artıq 3 ildir ki, biz banka özümüz xərcləmədiyimiz pula görə kredit ödəyirik. Üstəgəl Qazax Rayon Məhkəməsinin qərarından sonra isə ödənişimiz ikiqat artıb. Belə ki, indiyə qədər artıq 2 min manatdan çox pul ödəməyimizə baxmayaraq bizə dedilər ki, banka hələ də 2400 manat borcunuz var. Dəfələrlə tələb etdiyimiz halda məhkəmə qətnaməsini bizə vermirlər. Ona görə də Apelyasiya Məhkəməsinə müraciət edə bilmirik”.
Məhkəmə prosesindən tamamilə xəbərsiz olduqlarını vurğulayan Y.Həmişəyev qərarın bu ilin fevral ayında verildiyini bildirir.
Y.Həmişəyevin sözlərinə görə, Qazax Rayon Prokurorluğu və rayon icra hakimiyyəti nümayəndələri tərəfindən bu problemlə maraqlanacaqlarına dair dəfələrlə söz verilsə də ortada heç nə yoxdur, hətta daha pisi odur ki, zərərçəkmiş olsa da ölümlə hədələnir: “İyunun 1-dən 10-a qədər bizim kənddən 15 nəfər aclıq aksiyası keçirdi. Bir gün məktəb direktoru, bir gün aclıq edənlərin övladlarının oxuduğu ali məktəbin dekanı və s. adamlar gəlib onlara təzyiq etdi. Axırda 7 nəfər qaldı, digərləri geri çəkildi. MTN-in əməkdaşı olan 4-5 nəfər bizə hədə-qorxu gəldi ki, aksiyanı dayandıraq. Rayondur, kənd yeridir, hamı bir-birinin harada işlədiyini, kim olduğunu bilir. Onların MTN əməkdaşı olduğunu bilirik. Bundan başqa, kənd bələdiyyəsinin üzvü Şəmiddin Şahvələdov da gəlib bizi aksiyanı dayandırmayacağımız təqdirdə öldürəcəyi ilə hədələdi”.
“Zaminbank”a ödədiyi kreditlərin qəbzlərini göstərən Y.Həmişəyev deyir ki, həmin qəbzlərin də saxta olduğunu iddia edirlər. Halbuki qəbzlərin hamısının üstündə adıçəkilən bankın möhürü var: “Qəbzin üzərində krediti ödəyənin adı da qeyd olunub - Bəkirova Fərqanə Hüseyn qızı. Anamın adında “Kapitalbank” və “Fincabank”da kredit olduğundan “Zaminbank”dakı pulu qudasının adına götürüb. Amma pulu biz ödəyirik”.
Bağça müdirəsinin Həmişəyevlər ailəsindən aldıqları onların adına götürülmüş kreditlə kifayətlənmir. Yaşar Həmişəyev deyir ki, həmin xanım keçən il anasının qızıllarını da 4 günlüyə onlardan alıb və hələ də geri qaytarmayıb: “O xanım hazırda həbsdədir, amma keçən il anamdan 5 üzük, 1 sırğa, 1 boyunbağı aldı ki, 4 günlüyə lazımdır, qaytaracağam. Amma hələ də qaytarmayıb. Üzüklərdən biri yadigardır, mənəvi dəyəri var, istəyirik ki, heç olmasa onu geri versin. Təkcə bizdən qızıl almayıb, elə adam var ki, onun 10 min manatlıq qızılı var onda. Yəni fırıldağın qurbanı olanlar tək biz deyilik. Kənddəki ruhi xəstələrin, əlillərin və heç yerdə işləməyənlərin də adına kredit götürülüb. Qonşum Babayeva Jalə Azad qızı işsiz olduğu halda rayon təhsil şöbəsi onun Şəmistan Şahvələdov adına Xanlıqlar kənd orta məktəbinin müəlliməsi kimi arayış verib və onun da adına bankdan kredit götürülüb. Ruhi xəstə olan iki qardaş - Raci və Qədir Əsgərovların da adında kredit var. Ruhi xəstə qardaşlara bağçanın bağbanı və dalandarı adı ilə saxta arayış verilib”.
Bankla imzalanan kredit müqavilələrinə gəlincə isə zərərçəkmiş deyir ki, onların hamısı ayrı-ayrı adamların adına olsa da çoxunu özləri imzalamayıb.
Şikayətçi deyir ki, adına kredit götürülmüş digər kənd sakinlərinin maddi durumu çox ağır olduğundan Bakıya gələ bilmədilər: “Heç yol pulları da yoxdur Bakıya gəlməyə. Mən özüm də gələndə rayonda avtovağzalda polislər saxlayıb sorğu-sual etdi ki, hara gedirsiniz. Dedik ki, Bakıya. Məqsədimizi soruşdular ki, niyə gəlirik”.
Bağça müdirəsinin əldə etdiyi pullarla nələr etdiyinə gəlincə isə Y.Həmişəyev deyir ki, aldığı mülkləri olub, amma onları öz adına yox, hüquqi nümayəndəsi Xankişiyev Sədrəddinin adına keçirib: “Gəncədə də ev alıb. Qazaxda da tikdirdiyi evlər var idi, həbs olunandan sonra onların inşası dayandı. Bunlar isə mən kredit fırıldağı barədə şikayət edəndən sonra oldu. Xatirə Əsgərova 2013-cü ildən bəri 4 ev, 2 maşın alıb”.
Xatirə Əsgərova
Xatırladaq ki, bütün ölkəni silkələyən bu müdhiş kredit fırıldağı faktını ilk dəfə virtualaz.org saytı ictimailəşdirib.
Saytımızın 7 aprel tarixli buraxılışında “Sensasion fırıldaq: bağça müdirəsi 200 nəfərin adına kredit götürüb aldatdı” başlıqlı məqalə dərc olunmuşdu. Qazaxa ezam olunmuş müxbirimiz o zaman Xanlıqlar kəndində olmuş və hazırladığı reportajda həmin dəhşətli maxinasiyanın üstünü açmışdı.
Mənbə:> Virtualaz.org