Bakı sakini qonşu qadına verdiyi 10 000 pulu ala bilmir
Borc məsələsi qonşular arasında münasibətlərini pozub.
ANS TV-nin məlumatına görə, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi 2 a, ev 72-də yaşayan Tamilla Musayeva deyir ki, o, qonşusu tərəfindən aldadılıb. Müsahibimin sözlərinə görə, o, 6 qız və 3 nəvə sahibidir. Və uşaqlarını da tək başına saxlayır. Ancaq torpaq almaq üçün bankdan kredit götürdüyü pulu qonşusu Nəzakət Musayevaya verməli olub.
Bunun da səbəbi digər bir qonşu, yəni Xalidə İsmayılovadır. Belə ki, Xalidə xanım vasitəsilə o qonşusu Nəzakət xanıma ilk olaraq 2 min manat verib. Daha sonra ehtiyac yarandığından qonşu ondan 7 400 manat da istəyib. Çox fikirləşmədən qadın bu məbləği də ona təqdim edib. Bu hadisə ötən il baş verib. İndiyə kimi 9 400 manat pulu müsahibim geri ala bilmir. Bununla bağlı o hüquq-mühafizə orqanlarına da müraciət edib.
“Pulu geri almaq məqsədilə qızımla birlikdə qapısına getmişəm. Qapıda bizi qadının həyat yoldaşı və oğlu qarşılayaraq təhqir ediblər. Eyni zamanda onlar bizə güc tətbiq ediblər, nəticədə başımdan və qolumdan xəsarət almışam”, – deyə şikayətçi Tamilla Musayeva bildirib.
Məsələ ilə bağlı vasitəçi Xalidə xanım yaşadığı ünvana yollandıq, xanım qapını açar-açmaz bizi təhqir etdi.
Bundan sonra şikayətçi ilə birgə Nəzakət Musayevanın yaşadığı evə getdik. Xanımın oğlu bildirdi ki, Tamilla Musayeva dedikləri yalandır.
Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsindən isə bildirildi ki, Tamilla Musayevanın şikayəti mülki xarakter daşıdığından o, məhkəməyə müraciət etməlidir.
Mənbə:> ANSPRESS