Saymon Kleq bilet tapa bilməyən insanlardan danışdı
“Bütün dünyaya Azərbaycanla bağlı gözəl təsvirlər yayılır”. ANS PRESS-in məlumatına görə, bunu Bakı-2015 Avropa Oyunları Əməliyyatlar Komitəsinin baş direktoru Saymon Kleq deyib.
Bu gün ənənəvi mətbuat konfransı keçirən baş direktor dünənki çıxışlar və bilet satışı barədə məlumat verib: “14 məkanda 7 idman növü üzrə yarış oldu. 30 minə yaxın tamaşaçı oyunları izlədi. Dünən suya tullanma yarışlarının ilk günü olsa da, çox uğurlu alındı. Hətta bu gün orda tamaşaçılar üçün əlavə sektorlar açılıb. 1600-dən çox əlavə yer təmin olundu. Bu gün velosipedçilər gün ərzində yolla tanış olacaqlar. Ona görə də, bəzi yollar bağlanacaq. Məhdudiyyətlər müvəqqəti olacaq. Sabah isə yarış olacaq”.
Saymon Kleq deyib ki, bu gün 12 idman növündə yarış olacaq. Stolüstü tennis və taekvondo yarışları bitəcək. Bu idman növlərinin keçirildiyi məkanlar digər yarışlar üçün hazırlanacaq. Bakıda bu gün külək gözlənilir. Bu da velosipedçilərə, xüsusən də, bazar günü təsir edə bilər”.
O, Olimpiya stadionunda keçiriləcək atletikaya böyük maraq gözlədiyini söyləyib: “Olimpiya stadionunun 68 min nəfərlik tutumu var. Sözsüz ki, bunun tam dolmasını gözləmirik. Ancaq marağın böyük olacağını düşünürük”.
Saymon Kleq bilet tapa bilməyən insanlara görə, təəssüfləndiyini bildirib: “Bəzi insanlar bilet almaq istəyir, ala bilmir. Buna təəssüf edirəm. Amma mövcud biletlərdən də artığını sata bilmərik. Açıq havada olan yarışları insanlar sona qədər izləmirlər. Ora əlavə bilet sata bilmərik. Bəzi insanlar bileti ola-ola gəlmir. Amma bağlı məkanlarda böyük sayda tamaşaçı olur. Xüsusən də, güləş daha çox tamaşaçı cəlb edib. Ümumilikdə tamaşaçı marağından məmnunuq. Bu, Azərbaycan üçün yenilik olduğundan, bilet alma mədəniyyəti də yavaş-yavaş formalaşır. Biletlərdən əldə olunan gəlir əsas komponent deyil. Çünki bu, təzə bazardı”.
Baş direktor sonda geridə qalan bir həftə ilə bağlı da təəssüratlarını bölüşüb: “İlk həftə ümid etdiyimizdən də yaxşı keçdi. Bu da son 30 ayda aparılan planlaşdırmanın bəhrəsidi. Belə nəhəng tədbirlərdə çətinliklər olur. Amma Azərbaycanın ev sahibliyi oyunlara müsbət ab-hava gətirir. Bu günə kimi, elə bir problemlə üzləşməmişik. Bunda Azərbaycan Milli Olimpiya Komitəsinin və idmançıların rolu böyükdü”.
Mənbə:> ANSPRESS