Bağlanış mərasiminə bilet qalmadı
Dünən gözəl gün oldu. 30 minə yaxın tamaşaçımız oldu. Oyunlara 7 məkanda seyr edildi.
AzNews.info apasport-a istinadən xəbər verir ki, bu sözləri Bakı-2015 Avropa Oyunları Əməliyyatlar Komitəsinin baş direktoru Saymon Kleq deyib.
Bu gün keçirilən mətbuat konfransında azarkeş sayının hər gün artdığını bildirən Kleqin sözlərinə görə, Avropa Oyunları tamaşaçı baxımından yüksək göstəricilərə malikdi:
“Dünən orta hesabla tamaşaçı sayı 84 faizə yaxın idi. 6 yarışı 100 faiz tamaşaçı seyr edib. Yeni yarışlar üçün məkanların qurulması prosesi başa çatıb. Dünən əlavə 13 min 500 bilet satmışıq. Son üç gündə 37 min 500-dən çox bilet satılıb. Bağlanış mərasiminə 48 min bilet satılıb. Bağlanışa artıq bilet qalmayıb. Dünən daha çox idmançı ölkəni tərk edib, nəinki gəlib. Bu gün 11 müxtəlif idman növü üzrə yarışlar olacaq. Bəzilərində son gündü. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki və onun həmkarları hazırda Mingəçevirdədilər, mükafatlandırma mərasimində iştirak edəcəklər”.
Kleq karatenin Olimpiya Oyunlarına daxil edilməsini arzuladığını bir daha vurğulayıb:
“Bir çox idman növləri Olimpiya Hərəkatına üzv olmağa çalışır. Mən tam əminəm ki, burda bu idman növünün çox gözəl nümayişi olur. Karatenin Olimpiya Hərəkatına qatılması baxımından bu yarış önəmli addım olacaq”.
Yayım məsələsinə yenidən toxunan baş direktor işləri sıfırdan başladıqlarını söyləyib:
“Əvvəldən bu Oyunlar keçirilməyib. Sıfırdan başlayıb, dünyanın bir çox ölkəsindən televiziyalar cəlb etmişik. Son 15 ay ərzində mümkün qədər geniş yayımı təşkil etməyə çalışmışıq. İki gündən sonrakı mətbuat konfransına səlahiyyətli şəxsləri dəvət edəcəm, yayımla bağlı bütün suallarınız həmin vaxt ətraflı cavablandırılacaq. 5-6 gün əvvəl də beynəlxalq yayım mərkəzinə getmişəm, ordakı şəraitlə tanış olmuşam”.
Mənbə:> Apasport.az