Azərbaycanda 4 min nəfər ad-soyadını dəyişmək istəyir – VİDEO
Bəzən uşaqlara qoyulan adlar onlar üçün gələcəkdə problemə çevrilir.
Adam adı ilə tanınar deyiblər. İnsanla bağlı bütün məlumatlarda ona ünvanlanan hər növ müraciətdə həmişə onun adı səslənir. Şəxsin ismi həmin adam haqqında ətrafdakılara məlumat verir. Adın əsl informasiya dəyəri də məhz onun sahibi yada salınanda daha aydın üzə çıxır.
Bəzən uşaqlara həm gülməli, həm də heç bir məna daşımayan adlar verilir ki, bu da həmin insanın başına gələcəkdə əməlli-başlı problem açır. İstər psixoloji baxımdan, istərsə də onun bir şəxsiyyət kimi formalaşmasında.
Bəzi adlar iki və ya daha artıq sözdən ibarət olur. Elə ailələr də var ki, qız uşaqlarının doğulmasına etiraz əlaməti olaraq körpələrinə Qızbəs, Qızyetər, Yetər, Kifayət və sair adlar verirlər. Amma elm də sübut edib ki, adların insan həyatına bilavasitə təsiri var. Hər bir ismin səs vibrasiyası olur ki, o, beynin müxtəlif hissələrində qıcıqlanmalar yaradır.
Kulturoloq Aydınxan Əbilov bu barədə ANS TV-yə danışıb: "İnsanlar öz ata-babalarının adlarını yaşatmaq üçün övladlarına qədimi adlar qoyurlar. Amma gələcəyi düşünmürlər. İki sözdən ibarət olan adların özləri də texnoloji baxımdan vaxt və enerji sərf edir".
XX əsrin 70-ci illərinə qədər daha çox Xanbaba, Nənəxanım və digər mürəkkəb adlara üstünlük verilsə də daha sonra nisbətən sadə Aydın, Aytac, Zəhra, Yusif və sair kimi adlara daha çox rast gəlinirdi. Adlarını dəyişdirmək istəyənlər qeydiyyatda olduğu rayonun yerli qeydiyyat şöbələrinə və yaxud daha asan yolla, ölkədə fəaliyyət göstərən ASAN xidmətə müraciət edə bilərlər. Həmin ərizəyə vətəndaşın şəxsiyyətini təsdiq edən sənəd, tərcümeyi-hal, doğum haqqında şəhadətnamə, evlidirsə - nikah haqqında şəhadətnamə, işləyirsə - iş yerindən arayış və iki ədəd fotoşəkil daxildir.
Əksər hallarda bu müraciətə müsbət cavab verilə bilər. Lakin bəzən adlarını dəyişdirmək istəyənlərə "yox" da deyilə bilər.
Hüquqşünas Tahir Əlirzayev bildirir ki, qeydiyyat orqanı ərazi üzrə polis şöbələrinə sorğu göndərir. Bu sorğu əsasında həmin şəxsin cinayət işində günahı olub-olmaması araşdırılır.
Statistik məlumatlar da göstərir ki, ad və soyadların dəyişdirilməsi ilə bağlı müraciətlərin sayı daha da artb. Belə ki, qeydiyyat orqanlarına adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı son 1 ildə 4 minədək müraciət daxil olub. Həmin şəxslərin də istəkləri təmin edilib. Əksər vətəndaşlar sovet dönəmindən miras qalmış soyad sonluqlarından qurtulmaq istəyir. Adların dəyişdirilməsini istəyənlərin də sayı az deyil. Ona görə də ad seçilərkən onun mənasına xüsusi diqqət yetirilməlidir. Düzgün seçilmiş ad həm bu dünyada, həm də axirətdə etibarlıdır. Odur ki, övladlarınıza mənalı və gözəl adlar seçin ki, onlar gələcəkdə öz isminə görə problemlərlə üzləşməsin. Əvvəlcə ad ona yaraşsın, sonra da o ada!
Mənbə:> Virtualaz.org