Bakı və Ankaranı kim qaralayıb?
"Qərb Azərbaycanın, Türkiyənin iqtisadiyyatına, siyasətinə müdaxilə etməklə həmin ölkələrin əməkdaşlıq etdiyi şirkətləri, ölkələri də özləri müəyyən etmək istəyirlər".
Bunu ANS PRESS-ə açıqlamasında politoloq Tofiq Abbasov deyib. Onun sözlərinə görə, məhz bu cəhətdən Avrasiya məkanı geosiyasi baxımdan ən vacib meydanlardan, məkanlardan biridir. "Burada Sovet imperiyası dağılandan sonra oturuşma prosesi bitməyib. Lakin dünyanın malında gözü olan bir sıra transmilli şirkətlər var ki, onlar öz baxışlarını hamıya təlqin edirlər. Onlar istəyirlər ki, insanlar onların sözü ilə oturub-dursunlar, onlar prosesləri idarə etmək istəyirlər. Bu cəhətdən Azərbaycanın xaricdə təhsil alan, ixtisaslaşan kadrları da əhəmiyyətli rol oynayırlar. Biz həmin gənclərin öz savadlarını biliklərini ölkəmizin daha da inkişafı üçün xərcləmələrini istəyirik. Lakin bəzi dairələr həmin şəxsləri xarici – qərb ənənələrinin, düşüncələrinin Azərbaycana daşıyıcıları kimi istifadə etmək niyyətindədirlər. Onlar bu yolla xalqımızın mənəvi ideya kökünü, kodlarımızı dəyişməyə çalışırlar", - deyən politoloqun fikrincə, həmin dairələr bu yolla regionda dayaq nöqtələrini gücləndirmək, bu regionu özlərinin beşinci kolonlarına çevrimək istəyirlər.
Politoloq Fikrət Sadıqov da Qərb ölkələrinin, ABŞ-ın bu çıxışları, bəyanatları həmişə bir təzyiq vasitəsi kimi istifadə etdiklərini bildirib. "Azərbaycanın, Türkiyənin xarici siyasəti, bir-biri ilə yaxın əməkdaşlığı, bir-birinə olan dəstəyi, apardıqları siyasi kurs, həmçinin Azərbaycanın öz sözünü deyən, regionda müstəqil siyasət yürüdən dövlətə çevrilməsi, Türkiyənin Yaxın Şərqdə apardığı müstəqil siyasət qərb ölkələrini, xristian aləmini ciddi narahat edir", - deyə Fikrət Sadıqov bildirib.
Milli Məclisin deputatı Aydın Mirzəzadə isə nisbətən fərqli düşünür. "Deməzdim ki, Türkiyə və Azərbaycana qarşı səlib yürüşü var. Amma bəzən münasibətlər qeyri-obyektiv olur. Bu ya insan hüquqları ilə bağlı məsələyə birtərəfli yanaşma olur, bəzən Dağlıq Qarabağ məsələsində Azərbaycanla Ermənistanı birləşdirmək olur. Bəzən isə yerlərdən verilən qeyri-obyektiv informasiya nəticəsində Azərbaycana aiddiyyatı olmayan məsələlər qabardılmağa çalışılır", - deyə deputat bildirib. O, Azərbaycanın müstəqil dövlət olduğunu, öz daxili və xarici siyasətini öz milli maraqlarına uyğun formalaşdırdığını və dost ölkələrin dəstəyinə həmişə minnətdarlıqla yanaşdığını deyib. "Ancaq o məsələlər ki, daxili işlərə qarışmaq, Azərbaycanın yerinə daxili-xarici siyasəti müəyyənləşdirmək məqsədi güdür, bu məsələlərdə Azərbaycanın mövqeyi prinsipialdır və heç bir halda Azərbaycan kiməsə öz strateji məslələrini müəyyənkləşdirməyə imkan verməyəcək", - deyə deputat əlavə edib.
Mənbə:> ANSPRESS