“Avropada islamın yayılması kimlərisə narahat edir”
“Azərbaycan və Türkiyə kimi dövlətlərin islam dünyasında dünyəvilik baxımından nümunə rolunda çıxış etməsi bəzi dairələri narahat edir”.
Axar.az xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Azərbaycan” qəzetinə yazdığı məqalədə qeyd edib. O, İslam dininin Qərbdə getdikcə gücləndiyini bildirib:
“Azərbaycan və Türkiyə kimi dövlətlərin islam dünyasında dünyəvilik baxımından nümunə rolunda çıxış etməsi bəzi dairələri narahat edir. Onlar çalışırlar ki, öz məkanlarında islam dünyasını qara rəngdə göstərsinlər. Çünki bu gün islam dünyası ilə sanki bir rəqabət aparırlar. Bu rəqabət isə özünü Avropanın əhalisində də göstərir. Bu gün Avropa əhalisinin 5 faizi müsəlmandırsa, 10 ildən sonra 10 faizə qalxacaq və getdikcə artacaqdır. ABŞ-da da islamı qəbul edənlərin sayı durmadan artır. Bu isə həmin qrupları narahat edir”.
Komitə sədri bəzi dairələrin Avropa Oyunlarını qaralamağa çalışdığını, lakin heç bir şeyə nail olmayacaqlarını bildirib:
“Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin bu uğurundan narahat olanları qruplara bölərək üç istiqamət müəyyənləşdirib. Bunlar düşmən ölkə Ermənistan, erməni lobbisi və ölkə daxilində olan “beşinci kolondur”. Erməni lobbisinin fəaliyyəti bəllidir. Azərbaycan əleyhinə istənilən çirkin kampaniyaya dəstək vermək, maliyyələşdirmək, ölkəmizi gözdən salmaq üçün müxtəlif yollara əl atmaq erməni lobbisinin fəaliyyət istiqamətidir. “Beşinci kolon” isə özünə “nə qədər pis olarsa, bizim üçün yaxşıdır” fikrini deviz seçib. Bu qüvvələrə xidmət edən mətbu orqanların Avropa Oyunlarını gözdən salmaq üçün əl atmadıqları çirkinliklər qalmayıb. Adi məişət hadisəsini, təbii qəzaları şişirdərək baş verənləri Avropa Oyunlarına bağlamağa çalışırlar. Məqsədləri isə hər kəsə bəllidir. Avropa Oyunları ərəfəsində Azərbaycanı gözdən salmaq, ölkə haqqında mənfi fikir yaratmaq üçün hər şeyə hazırdırlar. Ancaq hesab edirəm ki, istənilən çirkin kampaniyanın aparılması əbəsdir. Çünki Azərbaycan istənilən idman yarışına necə ev sahibliyi etməyə qadir olduğunu göstərib”.
Mənbə:> Axar.az