Saraylılar bələdiyyə sədrinin qətli haqda susur: “Yaxşı insan idi..” – FOTO
“Vəsilə xanımı çox görmüşəm, ünsiyyətimiz, salam-sabahımız olub. Çox yaxşı insan idi. Kim deyirsə ki günah Vəsilə xanımda olub, səhv edir. Onu hələ bilmək olmaz...”
Bunu virtualaz.org saytının müxbirləri ilə söhbətində ötən gecə əri ilə birlikdə xüsusi amansızlıqla qətlə yetirilmiş Saray qəsəbə bələdiyyəsinin sədri Vəsilə Əbülhəsənova haqqında danışan bələdiyyə gözətçisi deyib.
Adının çəkilməsini istəməyən gözətçinin sözlərinə görə, bu gün bələdiyyədə heç bir işçi yoxdur. Səbəb məlumdur - bələdiyyənin bütün əməkdaşları yas mərasiminə qatılıb.
“Hadisə Vəsilə xanımın evində baş verib. İndi işçilərin də hamısı orada yas mərasimindədir. Vəsilə xanımın biri 5, biri 10 yaşında olan iki uşağı var idi. Bundan sonra yəqin ki, onlar nənələrinin himayəsində böyüyəcək” - deyir gözətçi.
Sonra da susur. Danışmaq istəmir. Görünür, nədənsə ehtiyatlanır, ya da faciənin təfərrüatları haqda sadəcə heç nə bilmədiyi üçün susmağı daha üstün tutur...
Bələdiyyənin binasının yaxınlığında rastımıza çıxan qonşular da bu qətl haqda çox danışmağa meylli olmurlar. Onlar da sadəcə gözətçinin mərhum sədrlə bağlı dediyi sözləri təsdiqləməklə, onun yaxşı insan olduğunu, heç kimə pislik etmədiyini söyləməklə kifayətlənirlər.
Ümumiyyətlə, sakinlərlə söhbətimizdə Vəsilə Əbülhəsənova haqqında heç bir mənfi söz eşitmədik. Həmsöhbət olduğumuz saraylıların çoxu mərhum sədr barədə ya müsbət fikirlər dedilər, ya da hadisədən tamamilə xəbərsiz olduqlarını bildirməklə işlərini bitmiş saydılar.
Saray bələdiyyəsinin sədr müavini Məhi Həsənovla da əlaqə saxlayıb fikirlərini öyrənməyə çalışdıq. Amma o, telefon zəngimizə bircə cümlə ilə cavab verdi: “Bu gün danışa bilməyəcəyəm, hazırda məşğulam, yas mərasimindəyəm...”
Qətlin təfərrüatlarını öyrənmək üçün Vəsilə Əbülhəsənovanın elə Saray qəsəbəsində yerləşən evinə yollandıq. Hələ səhər olmasına baxmayaraq həyətdə xeyli adam vardı.
Amma mərhumun qohumları və yaxınları hadisə ilə bağlı danışmaq istəmədi. Hətta qəzəbli münasibətlə üzləşdik. Faciənin baş verdiyi həyətdə, yas yerində jurnalist görmək onları sadəcə qıcıqlandırırdı...
Mənbə:> Virtualaz.org - Fatimə Kərimli