Günel Səfərova: "Uşaq mövzusu olduqca həssas bir mövzudur" – MÜSAHİBƏ
Məlum olduğu kimi, 125-lər Siyasi Klubunun sədr müavini Günel Səfərova Uşaq Fondunun yaradılması ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə müraciət edib. Bu yöndə Günel Səfərovanın fikirlərini öyrəndik.
-Məhz Uşaq Fondu ilə bağlı cənab Prezidentə müraciət etmək fikri hardan yarandı?
-Tələbəlik illərindən könüllülük fəaliyyəti ilə məşğul olmuşam ve seçimim uşaq evlərində işləmək olub. Biz gənclər təşkilatı olaraq uşaqların dərslərini hazırlamaqda kömək edirdik. Sonralar daha professional şəkildə Uşaq müdafiəsi Siyasəti ilə məşğul oldum. Bu sahədə icra qurumları, siyasəti formalaşdıran qurumlar olsa da düşünürəm ki, tez və heç bir bürokratik proseduru olmayan bir qurum mütləq yaradılmalıdır. Mən ölkə başçısının bu məsələyə həssas yanaşacağına əmin olduğum üçün məhz ona müraciət etdim.
-Beyninizdə bu Fondun konturları varmı? Yoxsa məsələyə sırf yaradılsın, sonra baxarıq kimimi yanaşırsınız?
-Bu fondun xarici ölkələrdə müxtəlif formaları var. Məsələn Avropa ölkələrində "emergency foundation" anlayışı var. Ailənin, uşağın həyatına risk təşkil edən amilləri aradan qaldırmaq üçün fond maddi dəstək göstərir. Məsələn, son zamanlar Azərbaycanda yaranan Gənclər Fondunun tam olmasa da, müəyyən mexanizmlərini götürmək olar. Əgər məsələ ilə bağlı müsbət qərar verilsə işçi qrupu yaradılacaqsa, mən könüllü olaraq bilik və bacarıqlarımı bu qurumun yaradılmasına yönəldə bilərəm. Nəticədə fayda görənlər uşaqlarımız olacaq.
-Yaradılacaq bu fond xaricidəki kimi ailələrinden zorakılıq görən uşaqları da əhatə edəcəkmi? Yoxsa ancaq valideyn himayəsindən məhrum olan uşaqlar bu fondun fəaliyyətindən bəhrələnəcək?
-Fondun fəaliyyətini məhdudlaşdırmaq doğru olmaz. Mən düşünürəm ki, müxtəlif sosial statusda olan uşaqları əhatə etməlidir. Bir misal deyim mən Tbilisidə tədbirdə olduğum zaman sosial şəbəkədə bir uşağın vəziyyəti ilə bağlı mənə məlumat gəldi. Uşağın 5 yaşı var, ana çalışmaq məcburiyyətindədir və uşağa baxmaq üçün heç kim yoxdur. Nəticədə uşaq tək qalır. Düşünə bilirsinizmi, 5 yaşlı uşağın 10 saat evdə tək qalması nə deməkdir?! Biz ailənin vəziyyətini qiymətləndirib uşağı bağçaya göndərdik, anaya kreditlerini və borclarını ödəməyə ilkin yardım etdik və uşağa bağçadan sonra anası gələnə kimi baxacaq bir dayə müəyyən etdik. Burda kompleks işlər görülə bilər. Fond günərzi qayğı mərkəzlərinin açılmasına, uşaq müdafiəsinin güclənməsinə xidmət edən qurum rolunu oynaya bilər. Xüsusi ilə dövlət müəssisəsində olan uşaqların müstəqil həyata hazırlanması prosesinə dəstək verə bilər.
-Bu sahədə illərdir fəaliyyət göstərən QHT - lərlə, sığınacaqlarla əməkdaşlıq etməyi düşünürsünüzmü?
-Mən 6 il uşaq təşkilatında ictimai vəkil olaraq çalışmışam və qayğı müəssisələrini tərk edən uşaqlarla, zorakılıq qurbanı olan uşaqlarla işləmişəm. Bu sahə QHT -lərin sosial layihələri olduqca önəmlidir. Çünki sosial işçilər, psixoloqlar ve bu sahədə təcrübəli insanlar var. Uşaq teşkilatları və ya bu sahədə fəaliyyət göstərən QHT - lər fondun daim əməkdaşlıq edəcəkləri qurum ola bilər. Uşaq mövzusu olduqca həssas bir mövzusudur. Bu sahəyə qanunvericiliyin təkmilləşməsi, standartların müəyyən edilməsi, kadrların hazırlanması və s. daxildir. Mən dövlətin uşaq müdafiə siyasətinin daha təkmilləşməsinə ehtiyacı müşahidə etmirəm. Bunlar hesabatlardan çıxan nəticələrdir həm də. Əminəm ki, dövlət başçısı bu məsələdə bizə dəstək verəcək.
Mənbə:> Reaksiya.az