Pişikdən insana keçən bakteriya
ABŞ-da pişik sahibəsinin gözünü yaladı, qadın kor oldu
ABŞ-ın Ohayo ştatının Toledo şəhər sakini xanım Caniz Uolters evində saxladığı pişiyin onu cırmaqlaması nəticəsində ağır xəstələnib. Xəstəlik "Bartonella Henseli" adlı bakteriyanın pişikdən insana keçməsi nəticəsində baş verib.
Bu bakteriyalar pişiklərin tüpürcək və dərisində yaşayır və onlara heç bir ziyan vurmur. Amma insana keçəndə ciddi xəstəliklər yarada bilər. C.Uolters də məhz bu yolla xəstələnib. Pişik onun göz almacığını yaladıqdan və immuniteti zəif olan insanlarda xəstəlik yaratmağa qabil olan bakretiyanı ona keçirdikdən sonra qadının bir gözü kor olub.
O deyib: “Bir dəfə mən yuxudan oyandım və anladım ki, mənim sol gözüm görmür. Güzgüyə baxdım və elə bildim ki, məndə konyunktivit və ya ona bənzər yüngül bir şeydir”.
Həkimlər deyir ki, bu infeksiya insan orqanizminə şəxsi gigiyenaya əməl etmədikdə, eləcə də pişiklərin dişləməsi və ya cırmaqlaması nəticəsində düşə bilər.
Toledo Tibb Universitetinin doktoru Kristofer R.Brikmanın fikrincə, xəstəlik gözləri zədələyə, şiş və qaraciyərdə problem törədə, infeksiya iliyə keçdikdə isə sətəlcəm yarada bilər. Ona görə də R.Brikman ev heyvanları ilə təmasdan sonra dərhal əlləri yumağı məsləhət görüb. “Onlara açıq yaralarınızı yalamağa imkan verməyin və dişləmələrindən çəkinin”, - deyə həkim xəbərdarlıq edib. (Trend)
Mənbə:> Trend