İrana müalicəyə gedən şəkər xəstələrinin acı aqibəti... – FOTO
“-İki yaşlı qızıma şəkərli diabet diaqnozu qoydular. Əlləri, ayaqları şişirdi, arıqlayırdı. Uşaqda bir neçə dəfə hətta qıcolma da baş vermişdi. Amma inanmadıq. Balaca uşaq necə şəkər xəstəsi ola bilərdi ki?! Qohumlarımızın məsləhəti ilə maşınımızı satıb İrana, Ərdəbilə getdik. İlk vaxtlar müalicənin xeyri olurdu. Uşağa qurd əleyhinə dərmanlar, sakitləşdiricilər təyin etmişdilər.
-Bəs İranda şəkərli diabet diqnozu təsdiqlənmədi?
-Analizlər verdik, müayinə etdilər. Dedilər ki, təyin etdiyimiz dərmanları verin, bir neçə ay müalicədən sonra tam sağalacaq. Beləliklə, 6 dəfə İranda olduq. Amma uşağın vəziyyəti daha da pisləşdi...”
Bunu virtualaz.org saytına açıqlamasında Bakı şəhər sakini Səbinə Kərimova söyləyir.
S.Kərimova deyir ki, aldığı müalicələrdən sonra körpəsinin qaraciyərində problemlər başlayıb: “Bundan sonra iranlı həkimə zəng vurmağa çalışdıq. Amma o, bizimlə əlaqədən qaçırdı, telefonlarımıza cavab vermirdi. Sonuncu dəfə uşağın vəziyyəti tamamilə pisləşdi, təcili yardımla 6 saylı uşaq xəstəxanasına apardıq. Həkimlər uşağın komada olduğunu dedilər. Sonradan bildim ki, qızım anadangəlmə şəkər xəstəsi imiş. İranda təyin edilən dərmanlar digər orqanlarını da zədələyib. İndi şəkərli xəstələr üçün analıq məktəbinə gedirəm, bu xəstələrə qulluğu, ilk yardımı öyrədiblər. 6 dəfə İrana getməyim isə mənə 4 min manata başa gəldi”.
Aynurə Məmmədlinin 9 yaşlı oğlu İbrahim isə astma bronxit xəstəsidir. Ailə oğlanlarının müalicəsi ümidi ilə dəfələrlə Tehran, Təbriz, Ərdəbil və Urmiya xəstəxanalarına üz tutub.
Aynurə Məmmədli deyir ki, uşağın vəziyyəti yazda daha da şiddətlənirmiş: “İbrahim allergiyalı uşaqdır. Bəzən nəfəs ala bilmirdi, boğulurdu, xırıldayırdı. Üzü, dodaqları göyərəndə, soyuq tər basanda özümü itirirdim, kömək edə bilmirdim. Hətta məktəbdə təbaşir işlədəndə belə ona pis təsir edirdi. Həkim təyin etdiyi dərmanlardan əlavə pəhrizə, gündəli rejimə, yaşam tərzinə əməl etməyi məsləhət görmüşdü. Amma həyat yoldaşım elə hesab edir ki, Azərbaycanda həkim düzgün diaqnoz qoya bilmir, yaxşı mütəxəssis yoxdur. Ona görə də İrana gedirdik. Hər gün televiziyada əcnəbi həkimlər reklam edilir, min bir dərdin dərmanını tapdıqlarını söyləyirlər. Biz də aldandıq”.
2 il İranın bütün xəstəxanalarını dolaşan ailə növbəti dəfə Türkiyəyə üz tutub: “Türkiyədə azərbaycanlı həkimlərin diaqnozu təsdiqləndi. Türkiyəli həkim dedi ki, İranda uşağa daha çox ağrıkəsici və allergiya əleyhinə dərmanlar yazılıb. Amma xəstəlik müalicə olunmayıb, yəni problem elə problem olaraq qalıb. Bundan sonra Bakıda müalicələrə başladıq. İndi uşaq pəhriz saxlayır, evdə onu qıcıqlandıra biləcək əşyaları yığışdırmışıq. Həkimin təyinatı ilə duz vannaları qəbul edir. 2 il ərzində İran xəstəxanalırına 6-7 min manat xərclədik”.
İrandan növbəti “şişkin statistika”...
İran mətbuatı ölkəsinə müalicəyə gedən əcnəbilərin statistikasını açıqlayıb. Sənədə görə, ötən il İrana müalicəyə gedən əcnəbilər arasında yenə də azərbaycanlıların sayı üstünlük təşkil edib.
Qəribədir ki, statistika təqdim edərkən İran rəsmilərinə istinad olunsa da nə adlar, nə vəzifə, nə də dövlət qurumunun adı açıqlanmır. Hesabatdan görünür ki, İranın səhiyyə xidmətlərindən yararlanan xarici ölkə vətəndaşlarının 80 faizi azərbaycanlılar olub. İran həkimlərinə etibar edən həmyerlilərimizin sayı dəyişməz qalıb.
Necə deyərlər, kor tutduğunu buraxmadığı kimi İran tərəfi də neçə illərdir 800 min rəqəmindən yapışıb. Qonşu ölkə iddia edir ki, İranda səhiyyə xidmətlərinin iki-üç dəfə bahalaşması, azərbaycanlı xəstələrə “yağlı müştəri” kimi münasibət göstərilməsi və digər nüanslar statistikaya təsir etməyib.
İran azərbaycanlı xəstələrdən öz büdcəsinə axan pulları itirməmək üçün bütün vasitələrdən istifadə edir. Bu da başadüşüləndir. Bəs əslində vəziyyət necədir? Son illər bütün dünyanı təhdid edən şəkərli diabet, astma bronxit də daxil olmaqla allergik xəstəliklərin ölkəmizdəki müalicəsi hansı səviyyədə aparılır? İranda bu xəstəliklərin birdəfəlik müalicəsi mümkündürmü?
Virtualaz.org saytı bu sualların cavabını axtarıb.
Dünyanı təhdid edən bəla
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatına görə, hazırda dünyada 400 milyondan artıq şəkərli diabet xəstəsi var. Lakin 2050-ci ilədək vəziyyətin pik həddə çatacağı proqnozlaşdırılır. ÜST mütəxəssisləri hesab edir ki, şəkərli diabet üzrə artım artıq bütün dünyanın kabusuna çevrilib.
BMT-nin baş katibi Pan Gi Mun da şəkər xəstələrinin sayındakı artımdan narahatlığını bildirib. Baş katib dünya ictimaiyyətinə müraciətində hazırda dünyada 350 milyon şəkərli diabet xəstəsinin olduğunu, bu xəstəliyə tutulanların sayında ciddi artım müşahidə edildiyini, daha çox cavan və yoxsul insanların bu xəstəliyə tutulduğunu qeyd edib.
Təəssüf ki, Azərbaycanda da şəkərli diabetdən əziyyət çəkənlərin sayı sürətlə artır. 2008-ci ildə ölkədə 72 min qeydiyyatda olan şəkərli diabet xəstəsi var idisə, ötən il onların sayı 200 mini ötüb. Azərbaycanda şəkərli diabet xəstələrinin 85 faizi xəstəliyin II tipindən əziyyət çəkir, yəni onlar insulindən asılı deyil.
Lakin şəkər xəstəliyinin cavanlaşması, uşaqlar arasında say artımı mütəxəssisləri narahat edir. Amma şəkərin müalicəsində “inqilab edən” İranda da vəziyyət ürəkaçan deyil. Üstəlik bu məlumatı İran Diabet Mərkəzi yayıb.
Mərkəzin məlumatında qeyd olunur ki, İranda şəkərli diabet xəstəliyinə tutulan xəstələrin sayı hər il ən azı 1-2 faiz artır. Hazırda ölkədə 5,5 milyon nəfər diabetdən müalicə olunur. Amma bu göstərici də son rəqəm deyil.
Astma-bronxit, allergik rinit, bronxial astma, allergik konyuktivit, atopik dermatit, allergik övrə və digər allergik xəstəliklərə gəldikdə isə belə xəstələrin sayı milyonlarladır. ÜST hesab edir ki, dünya əhalisinin 20-50 faizi hər hansı bir allergik xəstəlikdən əziyyət çəkir.
Dünya Allerqologiya Təşkilatının (WAO) məlumatına əsasən isə, allergik xəstəliklər hər bir növbəti onillikdə artmacaq.
İranın “möcuzəvi dərmanları” və oradan geri qayıdanlar
İranda diabet xəstələri üçün uzunmüddətli təsir gücünə malik yeni insulin iynəsi istehsal olunub. Ötən il İran mətbuatında dərc olunan xəbərdə deyilir ki, bu insulin iynəsinin qanda təsir müddəti artırılıb və bununla da insulinin tez-tez vurulmasından yarana biləcək problemlərin qarşısı alınır.
Yeni insulin iynəsinin layihə rəhbəri Siyamək Biranvənd deyib ki, istehsal olunan yeni preparatın digər ölkələrdə oxşarı yoxdur. Yeni insulin dərmanı İranın “Razi Kimya Gahar” korporativ şirkəti tərəfindən hazırlanıb.
Doğrusu, bu yeniliyin xəstələrin üzərində tətbiq edilib-edilmədiyi haqda məlumatlara rast gəlinmir. Amma ölkəsində istehsal olunmuş dərmanları vəsf edən qonşu ölkənin mətbuatı yeniliklərdə bütün dünyaya meydan oxuyur.
İrandan gələn xəbərlərə inansaq, astma-bronxitin və digər allergik xəstəliklərin müalicəsində də möcüzələr baş verir. Necə deyərlər, fil, üstündə də bulbul...
“İran səhiyyəsi inkişaf edib, yaxşı həkimlər var. Lakin azərbaycanlı xəstələr orada daha çox ucuz və qeyri-peşəkar həkimlərə üz tutur. Buna görə də fəsadlaşmış halda geri dönən xəstələrlə tez-tez rastlaşırıq” - bunu virtualaz.org saytına 6 saylı uşaq xəstəxanasının baş həkimi Rumiyyə Sultanova deyir.
Baş həkimin sözlərinə görə, İran həkimləri diaqnoz və müayinələrin cavabını fars dilində yazır. Bu isə sonradan həm həkim, həm də xəstə yaxınları üçün problem olur: “Ağır halda gətirilən xəstələrin diaqnozunu oxumaq mümkün olmur. Nəticədə ya diaqnoz tərcümə edilir, ya da təkrar müayinələr aparılır. Bu isə vaxt və maliyyə itkisinə səbəb olur. Reseptlər və dərmanların içliyi də farsca olduğundan xəstə dərmanın əks təsirini, göstərişlərini oxuya bilmir. Bizim müşahidələr göstərir ki, İranda daha çox içmə formasında hormonlar təyin edirlər. Bu da xəstəliyin sonradan ağırlaşmasina səbəb olur. Şəkərli diabet xəstələrinin yanlış müalicəsi nəticəsində xəstələrin qaraciyərində, gözlərində problemlər müydana çıxır”.
R.Sultanova qeyd etdi ki, brionxil astma və allergik xəstəliklərin müalicəsində tətbiq edilən metodlara görə Azərbaycan nəinki İranı, hətta bir çox ölkələri arxada qoyub: “Həm allergik xəstəliklərin, həm də deabetin müalicəsi Azərbaycanda daha müasir üsullarla aparılır. Bizim mütəxəssislər xarici ölkələrdə kurslar keçirlər, yenilikləri öyrənirlər. Bundan əlavə, dərman bazarında müasir preparatlar satışdadır. Bu preparatlar isə Amerika, Türkiyə, Almaniya, İngiltərə kimi ölkələrdə tətbiq edilir”.
Baş həkim Azərbaycanda diabetin sürətlə yayılmasından narahatçılığını bildirdi: “Şəkərli diabet əsrin bəlasına çevrilib. Bu xəstəlikdən əziyyət çəkənlərin sayı durmadan artır. Azərbaycanda da vəziyyət fərqli deyil. Şəkər xəstəliyi cavanlaşıb, xəstəxanaya 1 aylıqdan tutmuş 18 yaşınadək şəkərli xəstə gətirilir. Hazırda qeydiyyatda olan uşaq şəkər xəstələrinin sayı 600 nəfərdir”.
Əsas səbəb: mobil telefonlar, kompüter və...
Astma-bronxit xəstələrinə gəldikdə isə, baş həkim deyir ki, İranda aparılan müalicə nəticəsində bu xəstələr hormondan asılı vəziyyətə düşürlər:“Onların əvvəlki vəziyyətinə qaytarılması üçün uzunmüddətli müalicə tələb olunur. Uşaqlar dərmandan asılı vəziyyətdə yaşayır. Halbuki Azərbaycanda astma bronxit xəstəliyinin müalicəsində Avropanın, qabaqcıl ölkələrin üsullarını tətbiq edirik”.
Rumiyyə Sultanovanın sözlərinə görə, diabetin yayılmasının, xüsusilə də bu xəstəlikdən əziyyət çəkən uşaqların sayının artmasının səbəbləri çoxdur. Amma mütəxəssislər oturaq həyat tərzini, artıq çəkini, yanlış qida qəbulunu, virusları, stress faktorunu əsas səbəb kimi göstərirlər: “Əgər əvvəllər cavanlar günün müəyyən saatlarında idmanla məşğul olurdursa, bu gün onları internet, kompüter əvəz edir. İnternet, mobil telefonlar şəkərin yayılmasına səbəb olur. Bundan başqa, televiziyada göstərilən qorxulu filmlər, aqressiya da şəkərin yaranmasına səbəbdir. Bütün dünyada olduğu kimi Azərbaycanda da artıq çəki problemi çox artıb. Bu da həm şəkərli diabet yaradır”.
Allergik xəstəliklər isə əsasən ekoloji çirklənmə, qidalanma, oyuncaqlar və viruslarla əlaqələndirilir. Baş həkim söyləyir ki, keyfiyyətsiz oyuncaqlar, tezhazırlanan, tərkibinə qatqılar qarışdırılmış qidalar da allergik xəstəliklərə səbəb olur.
Hazırda 6 saylı uşaq xəstəxanasında 18 yaşına qədər 3 mindən çox uşaq astma xəstəsi kimi qeydiyyatdadır. Allergik xəstəliklərdən əziyyət çəkən uşaqların ümumi statistikasına gəldikdə isə onların sayı minlərlədir.
Həkim Cavid Səmədov isə deyir ki, allergik xəstəliklərin vaxtında müalicə edilməməsi fəsadlara yol aça bilər: “Allergik xəstəliklərin vaxtında müayinə və müalicəsi vacibdir. Çünki allergik xəstəliklərdə allergenlə təmas müddəti nə qədər çox olarsa, simptomlar daha da şiddətli ola bilər. Məsələn, allergik rinit (zökəm) xəstələri vaxtında müalicə almadıqda xəstəlik gələcəkdə bronxial astmaya çevrilə bilər. Buna görə də düzgün diaqnoz və müalicə əhəmiyyət daşıyır. Bronxial xəstəliklər uzunmüddətli müalicə tələb edir. İranda yanlış müalicə isə xəstəliyin xroniki hala düşməsinə səbəb olur”.
Həkim onu da deyir ki, şəkərli diabet də daim nəzarət tələb edən xəstəlikdir: “Bu xəstələri məsələn, İranda müalicə edib sonra nəzarətsiz qoymaq da fəsadlara yol aça bilər. Xüsusilə də məktəb yaşlı uşaqlar nəzarətdə olmalı, onların qidalanmasına diqqət yetirilməlidir”.
Mütəxəssis uşaqlarda bu əlamətlərə diqqət yetirilməsini tövsiyə edir: “Körpənin həddən artıq sidiyə çıxması, su içməsi, davamlı ağlaması körpəlik dövrü diabetinə işarədir. Uşağın arıqlaması, halsız olması, tərləməsi, qarın ağrıları və qusmaları, sürətli nəfəs alıb-verməsi də şəkərin əlamətlərindəndir. Valideynlər bilməlidir ki, ana, ata ya da birinci dərəcə yaxın qohumlarında şəkər xəstəliyi olan uşaqlar genetik olaraq diabetə meylli olurlar”.
Həkim Sevda Babayeva isə deyir ki, bronxial astması olan uşaq daim həkim nəzarəti altında olmalı və yalnız tutmaları zamanı deyil, tutmalararası dövrlərdə də müalicə olunmalıdır: “Bronxial astmanın nəinki İranda, eləcə də inkişaf etmiş digər dövlətlərdə birdəfəlik müalicəsi mümkün deyil. Yalnız xəstənin vəziyyətinin xeyli dərəcədə yaxşılaşması mümkün olur. Uşaq böyüdükcə onun bronxlarının mənfəzi tədricən genişlənir, immun sisteminin formalaşması isə başa çatır. Buna görə də bronxial astmalı uşaqların vəziyyəti yaxşılaşır. Bronxial astma idarə oluna bilən xəstəlikdir və düzgün müalicə metodu vacibdir”.
Qeyd edək ki, 6 saylı xəstəxanada astma və diabet məktəbləri fəaliyyət göstərir. Burada hər iki xəstəliklə bağlı məlumatlar verilir.
Tibb sahəsi üzrə ekspert Samir Seyidov isə deyir ki, azərbaycanlı həkimlər peşəkarlıq baxımından iranlı mütəxəssislərdən heç də geri qalmır: “Əvvəlki illərə nisbətən xaricə müalicə gedənlərin sayı xeyli azalıb. Çünki İranda da dərman və tibbi xidmətlərin qiyməti iki dəfə bahalaşıb. Xəstələr xaricə əsasən ucuz müalicə və dərman üçün gedirdi. İndi qiymət fərqi olmadığından xaricə gedənlərin sayı azalır. Buna görə də İran tərəfinin təqdim etdiyi rəqəm real deyil, hətta iki-üç dəfə şişirdilib”.
Son söz yenə də xəstələrindir. Şekspir sayağı “olum və ya ölüm” dilemması qarşısında qalmamaq üçün...
Mənbə:> Virtualaz.org