"Paltarlarınızı, xüsusən alt paltarlarınzı görünən yerdən asmayın" – VİDEO
Beləliklə, Bakı, Azərbaycan bütünlüklə böyük bir qonaq otağına bənzəyir. Yır-yığış edilir, bəzənir, hər şeyin yaxşısı ortaya çıxarılır. Bir sözlə dövlət əlindən gələni edir ki, əziz qonaqları layiqincə qarşılasın ki, onların ardı gəlsin… Amma bizim də öz adət- ənənəmiz var axı. Məsələn, öyrəşmişik ki, gələn qonağın ayağına qurban kəsək. Üstəlik də kəsilən qurban deyil. Sadəcə qəssablarımızın əl işidir…
Avropalı qonaqlarımızın gəlməyinə vur-tut 3-4 gün qaldı. Bəlkə də elə müəyyən bir qisim günü elə sabah qapını döydü. Gəlin görək ildə-ayda, bəlkə də neçə ildən bir gələn bu xüsusi qonaqları qarşılamağa hazırıq, yoxsa hələ də hazırlaşırıq? Dönək, bir Bakıya baxaq görək ki, sahilləri çıraq-çıraqdır? Əlbəttə, mən deyərdim ki, qonaqların gəlişinə hazırlıq, yüksək səviyyədədir. Bir vaxtlar hamının “Qara Şəhər” kimi tanıdığı, neft qoxuyan ərazidə salınan “Ağ Şəhər” müasirliyi ilə göz oxşayır. “Ağ şəhər”in ərazisində müasir yaşayış binaları, ofislər, məktəb, istirahət obyektləri və bulvar salınıb. Yeni “Bulvar otel”, Avropa oyunları parkı, “İnturist” otel, Xəzər sahilində “Nağıl adası”, mərkəzdə fəaliyyət göstərəcək ikimərtəbəli elektrik qatarlarının gətirilməsi... Siyahını bu sayda bir qədər də uzatmaq olar.
Amma görülən işlərə kölgə salan kiçik xoşagəlməzliklərin də üzərindən keçmək olmur. Bir belə göz oxşayan gözəlliyin yanında sizcə, bu mal-qara bazarı necə görünür. Mən deyim də, çooox pis. Yoldaşlar, sizlərə quzu kəsim, gəlin bir aylığa bazar açmayaq. Başa düşürəm, elimizin qədim adəti var. Hörmətli qonaq gələndə inək-qoyun kəsərlər.
Amma bu avropalıdır axı. O da əti sevir, hər bir insan kimi. O əti sevir “bif straqonof”, cürbəcür delikateslər şəkilində, daha belə yox.. Gəlin qonağı layiqincə qarşılayıb, layiqincə də yola salaq. Yoxsa bizim bəzi toylardakı kimi gedib öz ölkəsində deməsin ki, ac gedib, ac gəldim.
Şəhərin gözünü, gözəlliyini korlayan həm də zibilliklərdir. Bəzi yerlərdə zibil qutusu azlığındanmı deyim, vaxtında zibilin daşınmamasındanmı deyim, gözümüz bir növ zibil görməyə öyrəşib. Əziz sakinlər, ilk növbədə siz yaşadığınız ərazinin zibilliyə çevrilməsindən narazılıq edin.
Mənzil Kommunal Təsərrüfat Birliyi, şəhəri abadlaşdıran digər dövlət qurumları ilə bir olun, birliksiz axı ən azından...Gündə heç olmasa, iki dəfə çəkin də bu zibili... Başa düşmək lazımdır ki, zibil olmasa, it-pişik də azalar küçələrdə...
Binəqədidə baş verən məlum hadisədən sonra üzlüklərin sökülməsi və daha etibarlı materiallarla əvəzlənməsi öz yerində. Aparılan abadlıq və yenidənqurma işləri də təqdirəlayiqdir. Yanan binaya gəldikdə, buranın təmirinə də başlanılıb. İşlər də öz qaydasında gedir. Dövlət mən, sən, o, bizlərik. Eyni damın altında yaşayırıq. Yola gedin də bir-birinizlə. Sabah qonaq gəlir, kənardan gülünc görünürsüz axı.
Dam dedim, pəncərə yadımdan çıxdı. Eyvanlarınız üzlənir dövlət tərəfindən, bu öz yerində. Amma qonaq gəlir, paltarlarınızı, xüsusən alt paltarlarınzı görünən yerdən asmayın.
Əziz sakinlər, Avropa Oyunları keçirilən bu 16 gün ərzində evimizin eyvandan paltar əvəzinə dövlətimizin, yəni mənim, sənin, onun, bizlərin milli simvolumuz olan üçrəngli bayrağımızı asaq.
Mənbə:> ANSPRESS